Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq yeni tribuna quraşdırılıb.

Bu barədə Futbolinfo.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

“City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.

Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.

Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran-prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

Shares: