FIFA rəhbərliyi qurumun prezidenti Canni İnfantinonun imicinin yaxşılaşdırılması üçün 2,5 milyon avrodan çox vəsait xərcləyəcək. “The Times”in məlumatına görə, FIFA britaniyalı “Ten Toes Media” agentliyi ilə 22 aylıq və 2,5 milyon avrodan çox dəyərində müqavilə imzalayıb.
Sənədlərə əsasən, agentlik FIFA-nın sosial şəbəkələrdəki səhifələrinin idarə olunması ilə məşğul olacaq. Onun vəzifələri arasında “FIFA-nın və prezident Canni İnfantinonun imicinin qorunması”, həmçinin təşkilatın məzmununa müsbət münasibətin formalaşdırılması da yer alır.
Müqavilə 22 ay müddətinə nəzərdə tutulub. FIFA bildirir ki, agentliyin xidmətləri arasında video çəkilişləri, montaj, qrafik dizayn, mətnlərin hazırlanması, tərcümə və müxtəlif platformalarda paylaşım da var.
Qeyd edək ki, İnfantino Dünya Kuboku və digər FIFA turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması planına görə tənqid olunub. FIFA prezidentinə növbəti seçkilər 18 mart 2027-ci ildə keçiriləcək.
