Mövsümün sonuncu “Böyük Dəbilqə” seriyalı turniri olan “US Open”də ilk mərhələnin oyunları davam edir.

Aprel ayından zədə səbəbindən kortlardan kənarda qalan ATP reytinqinin 2-cisi Karlos Alkaras debüt matçına çıxıb. 7 qat “Dəbilqə” çempionu 1/64 finalda rusiyalı Roman Safiullinlə qarşılaşıb.

2 saat 22 dəqiqə davam edən görüşdə ispaniyalı tennisçi hər 3 setdə 6:4 hesabı ilə qalib gəlib. Matç ərzində 2 eys edən Karlos bununla yanaşı 7 breyk imkanının 4-nü reallaşdıra bilib. Safiullin isə yalnız 1 dəfə rəqibinin servisini qıra bilib. Növbəti mərhələdə Alkaras portuqaliyalı Jayme Faria ilə üz-üzə gələcək.

Karlosla yanaşı Andrey Rublyov da 1/32 finala vəsiqə qazanıb. Hərçənd reytinqdə 109-cu yerdə qərarlaşan Otto Virtanenlə matçda Andrey çətinliklərlə üzləşib.

3 saat 45 dəqiqə davam edən qarşılaşmanın ilk iki setində Andrey tab-breklərdə uduzub. Amma sonradan o, vəziyyətdən çıxmağı bacarıb. Rublyov 3-cü setdə Virtanenə geym qazanmağa imkan verməyib. Növbəti iki bölümdə isə rusiyalı idmançı rəqibindən 6:2 və 7:6 hesabları ilə üstün olub. Oyun ərzində Rublyov 20 eys edib və üstəlik 24 dəfə breyk imkanı qazanıb. Amma o, cəmi 7 dəfə servis zərəsizləşdirib.

Karyerasında sonuncu “Dəbilqə” turnirini keçirən 41 yaşlı Sten Vavrinka isə mübarizəni elə ilk mərhələdə başa vurub. İsveçrəli raketka ustası italiyalı Matteo Berrettini ilə bacarmayıb. Hərçənd ilk iki hissədə Sten rəqibinə ciddi müqavimət göstərib. Amma o tay-breklərdə son nöqtəni qoya bilməyib. 3-cü setdə isə Vavrinka ümumiyyətlə geym qazana bilməyib.

Shares: