“US Open”də qadınların yarışında ikinci günün oyunları keçirilib.

“Böyük Dəbiqə” turnirlərinin 6 qat qalibi İqa Şvöntek çinli Van Siuyla qarşılaşıb. Təxminən saatyarım davam edən matçda polşalı raketka ustası asanlıqla qələbə qazanıb. Reytinqdə 8-ci pillədə qərarlaşan tennisçi ilk setdə 6:2 hesabı ilə qalib gəlib. Fasilədən sonra da oyun İqanın üstünlüyü şəraitində keçib. Bu dəfə 6:3 hesabı qeydə alınıb. Oyun ərzində bir dəfə də olsun eys edə bilməyən Şvöntek əvəzində 3 dəfə breyklə yadda qalıb. 1/32 finalda Şvöntek argentinalı Nadya Podoroşka ilə qarşılaşacaq.

Amerikalı tennisçi Diana Şnayder də ilk mərhələni uğurla adlayıb. 1 saat 9 dəqiqə davam edən matçda ABŞ təmsilçisi ukraynalı Darya Sinqurun müqavimətini asanlıqla qırıb. İlk setdə Diana Daryaya ümumiyyətlə geym qazanmağa imkan verməyib. İkinci hissə bir qədər bərabər mübarizə şəraitində keçib. Amma bu bölümdə də Şnayder daha inamlı təsir bağışlayaraq 6:4 hesabı ilə qalib gəlib. Qələbə qazanmaq üçün amerikalı tennisçiyə cəmi 6 breyk kifayət edib.

WTA reytinqinin lideri Arina Sabalenka da sürprizə imkan verməyib. Kolumbiyalı Kamila Osario ilə matçda belaruslu tennisçi kortda saatyarım vaxt keçirib. O ilk hissədə 6:2, fasilədən sonra isə 6:4 hesabı ilə uğur qazanıb. Sabalenka 1/32 finalda rusiyalı Polina Yatsenko ilə görüşəcək.

Shares: