Premyer Liqa

Özünə gələn “Qəbələ”, özündən gedən “Kəpəz”

692524ae d6bf 4b8c 9e8e c87630286f11 - Futbolinfo.az

Misli Premyer Liqasının 4-cü turu qollu başladı. Azarkeşlər Qəbələdə 3, Gəncədə 5 dəfə topu torda gördü. Meydana çıxan komandaların hamısının fərqlənməsini, ötən turdakı antirekordun elə açılış günündə yaddan çıxmasını da bura əlavə edək.

Dünənki matç da göstərdi ki, Kaxaber Sxadadzenin istefaya göndərilməsi doğru qərardır. Hətta “Qəbələ” rəhbərliyi daha erkən qərar versəydi, ilk qələbə bu turadək gecikməzdi. Meydana eyni futbolçular çıxmışdı, lakin mübarizə əzmi, istək tam fərqli idi. Gürcü mütəxəssisin özünü ruhən qorxaq olması, futbolçularla ünsiyyəti normal qura bilməməsi, davranışındakı qüsurlar bölgə təmsilçisinin kimyasını pozmuşdu.

Düzdür, turun açılış oyununda da meydan sahiblərinin bir sıra qüsurları oldu. Amma oyunçuların qələbə üçün alışıb-yanması həmən hiss olunurdu. Onlar sanki qəfəsdən qurtulmuşdu və ayaq topuna baş qoyurdular. Erkən qoldan sonra qonaqlar nisbətən özünə gəldi. Rəqibin təzyiqi üzündən cərimə meydançasından çıxa bilməyən “İmişli” vəziyyəti düzəldən kimi penalti qazandı. Dieqo Almeyda fürsəti boşa versə də, az sonra səhvini düzəltdi.

İkinci hissə nisbətən sönük başladı. “Qəbələ” hesabda ikinci dəfə önə keçdikdən sonra isə yenidən dinamik matma şahid olduq. Meydan sahibləri son dəqiqələrdə əziyyət çəksə də, qələbə hesabını qorudu və xalını 4-ə yüksəltdi. “İmişli” rəqibini özündən irəli buraxsa da, möhkəm komanda təsiri bağışladı. Bununla belə, “Qəbələ” daha potensiallıdır. Yeni baş məşqçi düzgün seçilsə, bu komanda hətta ilk “altılıq” üçün döyüşə bilər.

Gəncədəki qarşılaşmada intriqa erkən bitdi. “Şamaxı” ardıcıl qollar vurmaqla “Kəpəz”də hələ görülməli çox işin qaldığını göstərdi. Yerli stadionun təmirdən sonrakı açılış qarşılaşmasında “Turan Tovuz” üzərində qələbə qazanan komanda dünən nə etmək istədiyini bilməyən kollektivə bənzəyirdi. Xüsusilə fərdi səhvlər xəttlərarası əlaqəni pozunca rəqib bundan maksimum yararlandı.

4:1 hesablı qələbə heç də “Şamaxı”nın güclü olmasının, ötən il Gəncə klubunda işləyən Azər Bağırovun yüksək məşqçi bacarığının nəticəsi deyildi. “Şamaxı” ötən il də “Kəpəz”i belə darmadağın etmişdi. Problem qərblilərin özündədir, belə stadiona, gəncəli azarkeşlərə layiq komanda qurulmayıb. Ən əsası, yerli arenada möhtəşəm dəstək verən azarkeşlər rəqibdən çox “Kəpəz”in oyunçularına mənfi təsir göstərmişdi. Futbolçular etimadı doğrultmamaq qorxusu ilə meydana çıxdı və pressinqin altında əzildi.

“Kəpəz” “Şamaxı”dan geri düşsə də, itirilmiş xallara görə hələ də ondan öndə olmaq imkanını saxlayır. Gəncəlilər təcili toparlanmalı, heyətə bir qədər də əl gəzdirməlidir. Fanatlar hələ Azər Məmmədova səbr edir, zaman keçdikcə fərqli vəziyyət yaranacaq. Gəncə daha yaxşı komandaya, azarkeşlər daha yaxşı futbola layiqdir.

FƏRİD

Shares: