Almaniyada qadınlar arasında basketbol üzrə dünya çempionatının ilk turu keçirilib.
C qrupunda mübarizə aparan Türkiyə millisi azarkeşlərini məyus edib. Son Avropa çempionu Belçika yığması ilə matçın ilk hissəsində ay-ulduzlular xoş təsir bağışlasa da, fasilədən sonra oyunun ssenarisi dəyişib. Belçikalılar 3-cü bölümdə “ay-ulduzlular”ı 27:9 hesabı ilə məğlub edərək üstünlüyü ələ alıb. Yekunda Belçika millisi Türkiyə komandasına 89:75 hesabı ilə qalib gəlib.
Görüşün ən məhsuldar oyunçusu Emma Messeman olub. “Fənərbağça”da çıxış edən Belçika millisinin lideri meydanı 27 xalla tərk edib.
Qrupda keçirilən digər oyunda Avstraliya millisi Puerto Riko seçməsindən 70:54 hesabı ilə üstün olub.
D qrupunda çıxış edən 19 qat dünya çempionu ABŞ millisi ilk turda böyükhesablı qələbə qazanıb. Çin yığması ilə qarşılaşan amerikalılar ilk hissəni 20 xal fərqilə öndə başa vurub. Fasilədən sonra da çempionatın əsas favoriti kəsərli hücumları ilə diqqət çəkib: ABŞ – Çin 94:61.
Amerikalıların heyətində hərəyə 14 xal toplayan Keytlin Klark, Rin Hovard və Peyc Bukers komandalarının qələbəsində böyük rol oynayıb.
Çempionatın iddialı komandalarından olan İspaniya ilə Fransa basketbolçuları da ilk turda böyükhesablı qələbəyə sevinib. A qrupunda çıxış edən ispaniyalı meydan sahibi Almaniya yığmasından 83:53 hesabı ilə üstün olub. B qrupunda oynayan Fransa seçməsi isə Macarıstan kollektivini 99:53 hesabı ilə darmadağın edib.

