Ölkə futbolu
AFFA, qərarını yada sal: Həmzəzadə izahat verməlidi

AFFA özü özünü ifşa edir, verdiyi qərarların yalançı fon yaratmaq üçün qəbul edildiyini isbatlayır. Həmişə belə olub – quyruq qapı arasında qalan kimi əndrabadi bir ideya ortaya atılır, səs-küy yatırılır, sonra yenə bildikləri kimi hərəkət edirlər.
Qurum növbəti gülünc qərarını mövsümün əvvəlində, “Zirə” və “Sabah”a qarşı aşkar hakim səhvləri göz deşərkən vermişdi. Sözügedən klublara qarşı kampaniya aparılır, xalları əlindən alınırdı. Qərəzli səhvlər sayəsində hər iki kollektiv rəqiblərindən aşkar geri salınmışdı. Həmin vaxt klubların rəhbərləri şikayətə başladı, mətbuatda birtərəfli səhvləri ifşa edən videolar yayıldı. O zaman AFFA vəziyyətdən çıxmaq üçün qondarma qərar verdi, məsuliyyəti üzərindən atmağa çalışdı. Guya ki, həmin səhvlər onların sifarişi deyil, hakimlərin fərdi xətalarıydı.
AFFA-nın xüsusi qərarı ilə matçlardan sonra hakimlər etdikləri səhvləri müsahibə verərək izah etməlydi. Halbuki beynəlxalq qurumlar bunu qadağan edir, hakimlərin idarə etdiyi oyunlar barədə danışmasına icazə vermir. Bizim futbol qurumu özünü təmizə çıxarmaq üçün qaydalara da tüpürdü.
Amma cəmi 2-3 dəfə hansısa hakim idarə etdiyi oyunla bağlı danışdı, həmin açıqlamalar da ictimailəşdirilmədi, unutduruldu. Və artıq neçə aydı bu qərar hətta yada da düşmür. İndi, “Sabah” – “Neftçi” oyununda başverənlərdən sonra bu məsələ aktuallaşıb. Qərar qüvvədədisə, AFFA onu gizli şəkildə ləğv etməyibsə, əsl hakim açıqlamasına gərək duyulan məqamdı. Rəvan Həmzəzadə buyurub, qərarlarının izahını versin. Bunu mətbuatla yanaşı, narazı qalan “Sabah” rəhbərliyi də AFFA-dan tələb etməlidi.
Həmzəzadənin anormal qərarları “Neftçi”nin də qələbəsinə kölgə saldı. Çünki hakimin hoqqalarına kimi qonaqlar 7 dəqiqəyə 3 qol vurub qələbəni təmin etmişdi. “Sabah”ın baş məşqçisi Murad Musayevin oyuna yanlış yanaşması, ikinci hissəyə futbolçuları düzgün kökləyə bilməməsi, bu üzdən futbolçuların buraxdığı fərdi səhvlər məğlubiyyətdə rol oynadı. Amma bundan sonra hakimin yanlış qərarları ortaya çıxdı, bir anda “Sabah”ın məşqçi və futbolçularının səhvləri yaddan çıxdı.
Həmzəzadə indi bunların hesabatını verməli, AFFA-nın qərarına uyğun olaraq, epizodları şərh etməlidi. Assosiasiya sevimli “CBC Sport”u vasitəsilə bunu təcili şəkildə reallaşdırmalıdı, əks halda olaylarda maraqlı tərəf kimi görünəcək.
CAVAD
