Ölkə futbolu
“Anderlext” yığmamızın üzvü ilə maraqlanır
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.
Futbolinfo.az Belçika mətbuatına istinadən xəbər verir ki, gələn mövsüm üçün sol cinah müdafiəçisi axtarışında olan “Anderlext” azərbaycanlı futbolçu ilə maraqlanır.
Hətta sözügedən klub bu gün Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Gent” – “Qarabağ” matçına öz skautlarını göndərəcək.
Xatırladaq ki, Elvin “Qarabağ”ın öz yetirməsidir. 2019/20 mövsümündə “Sumqayıt”da icarədə də olmuş futbolçunun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. 22 yaşlı futbolçu “Qarabağ”da 78 oyun keçirib, 3 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan yığmasında da 8 oyuna 1 qol vurub.
Məşhur “Transfermarkt” nəşrində Cəfərquliyevin transfer qiyməti 600 min avro göstərilir.