Dünya futbolu
Antoni qayıdır, Altay isə hələ gözləyəcək
“Mançester Yunayted”in hücumçusu Antoni sabah “Qalatasaray”la Çempionlar Liqası matçında meydana çıxa bilər. Bu barədə İngiltərə klubunun baş məşqçisi Erik ten Haq danışıb.
Futbolinfo.az xəbər verir ki, keçmiş sevgilisinə qarşı zorakılıqda ittiham olunan, bir müddət məşqlərdən kənarlaşdırılan braziliyalı ilə bağlı problem həllini tapmaq üzrədir. Niderlandlı mütəxəssis onun sabah meydana çıxması haqda qərar verilə biləcəyini deyib. O, uzun fasilədən sonra məşqlərə qayıdan Antonidən razıdır.
Ten Haq türkiyəli qapıçı Altay Bayındır barədə də danışıb: “Kubok oyununda da Andre Onanaya şans verməyimizin səbəbi əsas qapıçımızın İngiltərəyə uyğunlaşma prosesini tezləşdirməkdir. Amma Altayı da qazanmalıyıq, imkan daxilində şans verəcəyik. Məşqlərdə yaxşı təsir bağışlayır, ondan çox məmnunam. Bizim üçün önəmli işlər görəcək”.
Ten Haq argentinalı müdafiəçi Lisandro Martinesin zədəsi haqda da danışıb: “Təəssüf ki, onu bir müddətlik itirdik. Lisandro əməliyyat olunmalıdır. Komanda yoldaşlarının onun yoxluğunu hiss etdirməyəcəyini düşünürəm”.