Ölkə futbolu
“Bizdə 50-55 yaşdan sonra məşqçiləri siyahıdan silirlər”
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov yerli məşqçilərə güvənmək lazım olduğunu düşünür. Onun fikrincə, yaşa görə yox, işə görə qiymət vermək lazımdır.
Təcrüubəli mütəxəssis futbolinfo.az saytına açıqlamasında Şahin Diniyevi nümunə gətirib: “Şahin Diniyev göstərdi ki, məşqçinin 30 və ya 60 yaşının olmasının önəmi yoxdur. Təəssüf ki, bizdə 50-55 yaşdan sonra məşqçiləri siyahıdan silirlər. Məşqçilər arasında da rəqabət lazımdır. Şahin Diniyev Gəncə klubunu heç nədən avrokuboklara çıxarmış mütəxəssisdir. Azərbaycan millisində, ölkə xaricində işləyib. Biz belə məşqçiləri itirməməliyik. Onlara işləmək imkanı vermək lazımdır. Çünki çempionata əlavə rəng qatırlar”.
Mircavadov istefaya çağırılan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov haqda da danışıb: “Azər yaxşı işləyən məşqçidir. Əvvəlki fəaliyyətlərinə əsasən bunu deyə bilərəm. Ancaq “Kəpəz” bərabər gücdə olduğu rəqiblərə qarşı zəif çıxış edir. Əsas problemləri məhz budur”.