Dünya futbolu
Braziliya yığması ona tapşırıldı – Ançelotti gələnə kimi…
Braziliya millisinin yeni baş məşqçisi bəlli oldu. Amma təyinat müvəqqəti edilib.
Futbolinfo.az xəbər verir ki, Dünya Çempionatından sonra postundan qovulan Titeni Ramon Menezes əvəzləyəcək. Daha əvvəl ölkəsinin U-20 millisini çalışdıran mütəxəssis komandaya qarşıdakı matçlarda rəhbərlik edəcək. Ölkəsində bir neçə klubda işləmiş Menezes 3 ildir müstəqil fəaliyyət göstərir, əvvəllər daha çox yardımçı kimi çalışıb.
Braziliya millisinə daimi baş məşqçinin təyin edilməməsi heç də təsadüfi deyil. Cənubi amerikalılar yayda Karlo Ançelottinin “Real”dan ayrılacağına ümid edir. Əksər milli üzvlərinin arzuladığı italiyalı Madrid klubundan göndərilsə, mütləq Cənubi Amerikaya yollanacaq. Onun iş yerinin indidən hazır olduğunu demək olar.