“Barselona”nın vitse-prezidenti Rafael Yuste Lionel Messini komandaya qaytarmaq istədiklərini etiraf edib. O, İspaniya mətbuatına müsahibəsində argentinalının dönüşü üçün mümkün olanı edəcəklərini bildirib.

Yuste Messi ilə danışıqları davam etdirdiklərini gizlətməyib: “Leo ilə tez-tez danışır, onun geri dönməsini istəyirik. O və ailəsi onlara nə qədər bağlı olduğumuzu bilirlər. Təəssüf ki, bir zamanlar uğurlu alınmayan müzakirələrimiz oldu və onun acısı hələ ürəyimdədir. Təbii ki, geri dönməsini istəyirik və əksər azarkeşlərimiz də bu arzudadır. Məncə, belə gözəl hekayələr nikbin bitməlidir. Bunun üçün çalışırıq”.

Vitse-prezident daha sonra bunları əlavə edib: “Bu, təbii bir şeydir. Bir insanı sevirsinizsə, onunla əlaqələr kəsilsə də, sevməyə davam edirsiz. Leo da Barselona şəhərinə və kluba aşiqdir. Onların qovuşacağına inanıram. Görək onu geri qaytara biləcəyikmi? Klub prezidentinin Messinin atası ilə görüşdüyü doğrudur, aralarında gözəl münasibət var. Ancaq bu dəqiqə Messi barədə danışmaq mənim üçün çətindir. PSJ-nin sözlərimi səhv anlamasını istəmirəm”.

Shares: