Milli komanda
“Millimizin 4-cü yer uğrunda mübarizə aparması realdır”
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək növbəti oyunlarla bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qrupumuzda favorit komandalar Belçika və Avstriyadır. İsveçi də bu siyahıya qatmaq olar. Bizim Estoniya ilə reytinqimiz, səviyyəmiz eyni olduğu üçün daha çox 4-cü yer uğrunda mübarizə aparmağımız realdır. Hazırda qrupda estonlarla xallarımız da bərabərdir. Bu səbəbdən Estoniya ilə səfər matçına çox ciddi hazırlaşacağıq. Baxımlı oyun göstərərək, ölkəmizə yaxşı nəticə ilə qayıtmağı düşünürük. Avstriya ilə matça gəlincə, dediyim kimi, bu rəqib qrupun favoritlərindəndir. Əsas fikrimizi ilk növbədə Estoniya ilə oyuna yönəltmişik. Bu görüşdən sonra Avstriya ilə matç haqda düşünəcəyik. Estoniyada qeydə alınacaq nəticədən də çox şey asılıdır. Səfərdən yaxşı ab-hava ilə qayıda bilsək, Bakıda Avstriyadan xal almaq da mümkün ola bilər. Yığmamız buna qadirdir. Futbolçularımız Belçika ilə görüşdə də göstərdilər ki, yaxşı oynamaq olar. Təbii ki, bizimlə müqayisədə avstriyalı futbolçuların ustalıq səviyyəsi daha yuxarıdır. Bu baxımdan onlardan geri qalsaq da, istəkli, mübariz və taktiki cəhətdən düzgün oynayıb Avstriyadan xal götürə bilərik”.