Ölkə futbolu
Mutunu günahlandırırlar: “İlk külək əsdiyi vaxt getməməliydi”
Adrian Mutunun Buxarest “Rapid”indən ayrılaraq “Neftçi”nin “sükanı arxasına” keçməsi Rumıniyada birmənalı qarşılanmayıb. Bəziləri gənc mütəxəssisin “Rapid”də uğursuz olduğu üçün doğru addımı atdığını düşünürsə, bir qrup onu xəyanətdə günahlandırıb.
Futbolinfo.az xəbər verir ki, “Rapid”in sabiq futbolçusu Danuts Lupu da Mutunu günahlandıranlardan biri olub. 56 yaşlı mütəxəssis hesab edir ki, əfsanəvi futbolçu doğma komandasını bu şəkildə tərk etməməli idi.
O, “PlaySport”a açıqlamasında Mutunu sərt şəkildə tənqid edib: “Mutu, “Rapid”li deyildin? “Rapid” bir anda sənə kömək etdi. Sən isə fürsət düşən kimi onları tərk edib getdin. Mutu “Neftçi”yə getdisə, ən azı bir aydır ki, onlarla danışıq aparır. Bu barədə həmin vaxtdan “Rapid”i məlumatlandıra bilərdi. İki-üç günə məşqçi təyinatı olmur. Azarkeşlər onu istefaya səsləyəndə sinəsinə vuraraq deyirdi ki, “Rapid”lidir, komandada qalır. İndi nə dəyişdi? Hər kəs öz maraqlarını güdür. Mutu ilk külək əsdiyi vaxt getməməliydi”.
Qeyd edək ki, Adrian Mutu “Neftçi”də istefaya göndərilən həmyerlisi Laurentsiu Regekampfı əvəzləyəcək.