Milli komanda
Okan Buruk “Futbolinfo”ya danışdı: “Bakıya gəlməyəcəm”
Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədlərdən biri olan türkiyəli məşqçi Okan Buruku nəhayət, tapa bildik. Günlərdi zənglərimizə cavab verməyən çalışdırıcı, türkiyəli dost həmkarlarımızın yardımından sonra açıqlama verməyi lazım bildi.
Futbolinfo.az-a danışan Buruk telefonu açsa da, üzrxahlıq edərək ətraflı danışa bilməyəcəyini söylədi və növbəti sualları ünvanlamağımıza imkan vermədi: “AFFA ilə heç bir danışığımız olmayıb. Bu gün Azərbaycana gələcəyimlə bağlı xəbərlər də doğru deyil. Elə bir şey olsa, mediaya məlumat verərəm”.
Okan bəy təkzib edir ki, bu da başadüşüləndi, danışıqlar bitmədiyindən ətraflı açıqlama verməsi doğru olmaz. Ancaq bizdə dəqiq məlumat var ki, o, AFFA rəsmiləri ilə bir neçə dəfə görüşüb. Türkiyədən klub təklifi gözlədiyindən bizimkilərin dəvətinə bir o qədər isti yanaşmayıb. Bununla belə, mümkün variant kimi məsələni tam qapatmayıb. O, AFFA qarşısında danışıqları davam etdirmək üçün şərt qoyub.
Buruk milli komandada yeganə söz sahibi olmaq, bütün millilərə nəzarət etmək niyyətindədi. Eyni zamanda Bakıda uzun müddət qalmaq istəmir və vaxtının böyük hissəsini Türkiyədə keçirmək niyyətindədi. AFFA rəhbərliyi isə bunlarla razı deyil, xüsusilə hər şeyi Burukun səlahiyyətinə buraxmaq rəsmiləri qane etmir. Bu səbəbdən danışıqlar dondurulub.