Dünya futbolu
Ronaldo ikiüzlülük etməyəcək: “Argentinanın çempion olmasını istəmirəm”
Ronaldo Nazario Argentinanın dünya çempionu olmasına sevinməyəcəyini etiraf edib. O, cənubi amerikalıların Qətər-2022-də qalib olmasını arzulamır.
Futbolinfo.az xəbər verir ki, “Yekədiş” Lionel Messinin böyük qələbələrə layiq olduğunu, amma Argantinanın uğurunu arzulamadığını dilə gətirib: “Doğrusu, Messi üçün sevinərəm, o, ən yaxşısına layiqdir. Amma ikiüzlülük etməyəcəm, Argentinanın çempion olmasını istəmirəm. Bu ölkənin futbol meydanında Braziliya ilə rəqabətini unuda bilmərəm. Əsas rəqibimizi çempion kimi görmək istədiyimi söyləsəm, yalançı olaram”.
Xatırladaq ki, Ronaldonun uzun illər formasını geydiyi, heyətində dünya çempionu olduğu Braziliya mundialda mübarizəni ¼ finalda dayandırıb. Bu komandanı yenən Xorvatiya indi yarımfinalda Argentinaya qarşı mübarizə aparacaq.