Digər idman növləri
Ulduz basketbolçu üçün mövsüm bitdi
“Memfis Qrizliz” komandasının oyun qurucusu Ca Morant mövsümün qalan hissəsini buraxacaq. Buna səbəb basketbolçunun çiynindəki zədədir. Müdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Məlumatı “The Athletic”in insayderi Şems Çaraniya yayıb.
Qeyd edək ki, 24 yaşlı basketbolçunun komandası ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Hazırkı anlaşmaya görə, onun bu mövsüm məvacibi 34 milyon dollardır. Morant mövsümün ilk 25 oyununu cəzalı olduğuna görə buraxmışdı. Onun qayıdışından sonra turnir cədvəlində vəziyyətini yaxşılaşdıran “Qrizliz” yenidən çətin durumda qalıb.
Bu mövsüm cəmi 9 oyunda meydançaya çıxan qalmaqallı ulduz basketbolçunun orta göstəriciləri 25,1 xal, 8,1 assist və 5,6 ribaunda bərabərdir. Hazırda Memfis komandası Qərb konfransında 13-cü pillədə qərarlaşıb.