Ölkə futbolu
“Vaşaş”ın baş məşqçisi və hücumçusu “Neftçi” ilə oyun haqda
Macarıstanın “Vaşaş” komandasının baş məşqçisi Elemer Kondas Antalyada “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis 1:1 hesabı ilə başa çatan oyundan sonra klubun rəsmi saytına açıqlamasında üstün oyun nümayiş etdirdiklərini söyləyib:
“Neftçi”yə qarşı yaxşı oyun keçirdik, məqsədimizə mükəmməl şəkildə nail olduq. Hər iki hissədə məşqlərdə işlətdiyimiz elementləri həyata keçirdik. Həm birinci, həm də ikinci yarıda çoxlu qol imkanı yaratdığımız üçün şadam. Lakin şanslardan yararlanmaqda problemlər oldu. Birinci hissədə rəqibin vurduğu qoldan başqa qapıçımıza top gəlmədi. Əvəzində “Neftçi”nin qapıçısı bir neçə dəfə komandasını xilas etdi. Oyunda çox gözəl anlar yaşadıq, razı qaldım”.
“Vaşaş”ın hücumçusu David Zimonyi də matçla bağlı fikirlərini bölüşüb. Komandasının yeganə qolunun müəllifi olan 26 yaşlı macar futbolçu qələbəyə layiq çıxış etdiklərini düşünür:
“Bu, bizim ilk sınaq matçımız idi. Məncə, birinci oyuna görə kifayət qədər yaxşı idik. Bərabərlik qolunu vurduğum üçün çox sevincliyəm. Cinahdan ötürmə alarkən topu qəbul edər-etməz onu uzaq küncə göndərdim. Hesab edirəm ki, sərgilənən oyuna əsasən qələbə qazana bilərdik. Rəqibin çox yaxşı güc nümayiş etdirdiyini hiss etdik”.