Ölkə futbolu
Yorğun “Qarabağ”, Qomesin təslim etdiyi “Sabah”
Azərbaycan Premyer Liqasının 11-ci turunun indiyə qədər reallaşmış 3 oyununda qalib müəyyənləşməyib. Hətta “Sabah” da mövsümdəki ilk heç-heçəsini məhz bu turda reallaşdırıb. Bu, o deməkdi ki, Sumqayıtda qalib gələn həftənin ən qazanclı komandası olacaq.
“Neftçi”ylə “Zirə” arasında qolsuz başlayan tura bu gün “Sumqayıt” – “Qəbələ” oyunu ilə yekun vurulacaq. Meydan sahibləri liderlər qrupundan uzaqlaşmamaq, qonaqlarsa zirzəmidən qurtulmaq üçün qələbəyə möhtacdı. Hətta xal bölgüsü də heyətlə bağlı işləri qaydasında getməyən rəqibləri razı salardı.
Dünənki, matçlara gəlincə, “ASK Arena”dakı bərabərlik əvvəlcədən gözlənilirdi. Oxşar problemləri olan “Keşlə”ylə “Sabah”dan uduzan vəziyyətini xeyli pisləşdirəcəkdi. Bu səbəbdən rəqiblərin ehtiyatlı oynayacağı ehtimal edilirdi. Amma matçın gedişində başverənləri nəzərə alsaq, meydan sahiblərinin bir xala sevinməli olduğu dəqiqdi. Həm hesabda, həm də sayca üstün olan qonaqların qələbəni əldən verməsi yalnız öz məsuliyyətsizliklərinin nəticəsi idi.
Visente Qomes özünü qovdurmaq üçün hər şey edir. “Sabah”ın baş məşqçisi ötən turdakı qələbədən sonra yenidən heyətdə qəribə seçimlərlə diqqət çəkdi. Xəstə Xulio Rodrigesin yoxluğunda belə Ramil Şeydayevi ehtiyata atan ispan onu psixoloji cəhətdən sarsıdıb. Ağır zədədən sonra uzun müddətdi adı “18-liy”ə salınmayan Ulise Diallonun ilk dəfə start heyətdə peyda olması digər bir qəribəlikdi.
“Sabah”ın o qədər zəngin heyəti var ki, eksperimentlərə və zədəli/xəstə çoxluğuna baxmayaraq, komanda “Keşlə”qarşısında aşkar favorit görünürdü. 3 legionerini qəfil qovan, 4 üzvü koronavirusa görə start heyətdə yer almayan meydan sahibləri ilk hissə boyunca rəqibini seyr etməklə kifayətlənirdi. Fasilədən həmən sonra Con Kamaranın adi epizoddakı kobudluğa görə meydandan qovulmasıyla vəziyyət bir az da kritikləşdi. Nəticədə “Sabah”ın növbəti hücumu qolla yekunlaşdı.
Bundan sonra “Sabah” ruhdan düşən rəqibi bir az da sıxışdıraraq növbəti qolları vurmalı, qələbəni təmin etməliydi. Bunun üçün münbit şərait də var idi. “Keşlə”də ehtiyat qüvvə o qədər bərbad idi ki, son matçını ötən mövsüm keçirən veteran Ruslan Əmircanov da oyuna daxil edilmişdi. Lakin Qomes mənasız əvəzləmələrlə öncə müdafiə blokunu dağıtdı, daha sonra yarımmüdafiə və hücumda xaos yaratdı. Yetirmələri real şansları qaçırınca, ispanın hesabı qorumağa çalışdığı aşkar hiss olunurdu.
Bu vəziyyətdən meydan sahibləri məharətlə istifadə etdi. Təcrübəli Sezar Meza Kolli yoldaşlarını toparlamağı və azlıqda qalmalarına rəğmən, rəqibi öz cərimə meydançasına həbs etməyi bacardı. “Sabah” əks-hücumlarda şansları boşa verdikcə daha da həvəslənən Yunis Hüseynovun yetirmələri bərabərlik qolunu vurdu. Rəqib qapısı önündəki qarışıqlıqdan sonra dəqiq zərbə endirən paraqvaylı komandasına layiq olmadıqları xalı təmin etdi.
Matçdan sonra hakimlikdən şikayətlənən Hüseynovun dedikləri ucuz bəhanə sayılmalıdı. Bəli, hakimlər səhv etdi, amma “Keşlə”nin xeyrinə. Bərabərlik qolundan az öncə Veysəl Rzayevə qarşı kobudluq meydan sahiblərinin qapısına penalti ilə bitməliydi. Nədənsə baş hakim İnqilab Məmmədov gözü önündəki epizodu düzgün dəyələndirmədi.
Eyni hesab Bayılda təkrarlandı və komandalar yenə fasilədən sonra toru silkələdi. Dəfələrlə qapıçının və tirin xilas etdiyi “Səbail” ilk ciddi hücumundaca hesabı açdı. Az qala hər tur penalti vuran “dənizçilər” Rauf Əliyevin yoxluğunda heç nədən cərimə zərbəsi qazanıb, onu reallaşdıran Amil Yunanovun sayəsində sevindi. Cəmi 7 dəqiqə sonra “Qarabağ” cavab qolunu vurdu, amma davamını gətirə bilmədi.
Bu nəticə lider üçün itki sayılmalıdı. Lakin ağdamlıların demək olar, məşq etmədən bu matça çıxdığını nəzərə alsaq, 90 dəqiqə boyunca oyuna diqtə etməkləri özü böyük iş idi. Cümə axşamı Türkiyədə avrokubok oyunu keçirən, vətənə qayıdan kimi doğma Ağdama yollanan komanda istirahət edə bilməmişdi. Üstəlik, süni örtüklü qazonda oyun “Qarabağ” üçün arzuolunmaz idi. Koronavirusa yoluxan Qurban Qurbanovun yoxluğunu da nəzərə alsaq, heç-heçə “Qarabağ” üçün sevinməli nəticədi.
CAVAD