Bu gün futbol üzrə Türkiyə Super Liqasında dünyanın 10 ən böyük derbisindən biri hesab olunan qarşılaşma baş tutacaq. Futbolinfo.az xəbər verir ki, lider "Fənərbaxça" doğma divarlar arasında əzəli rəqibi "Qalatasaray"la qarşılaşacaq.
"Fənərbaxça" cəbhəsi:
Cari mövsümə səfərdə "Torku Konyaspor" məğlubiyyəti ilə başladıqdan sonra oynadığı 9 qarşılaşmanı məğlubiyyətsiz başa vuran və son 3 oyundan qalibiyyətlə ayrılan "sarı-lacivərdlilər" 25 xalla liderliklərini sürdürürlər. Arxada qalan 10 həftə ərzində 19 xal toplayan "Qalatasaray"ı məğlub edərək aralarında olan xal fərqini 9-a çıxartmağı planlaşdıran "Fənərbaxça" öz meydanında rəqibə qarşı olan üstünlüyünü də qorumağı planlaşdırıb.
Son 14 ildi Kadıköydə rəqibinə məğlub olmayan "Fənərbaxça"da bu vacib oyun öncəsi Alper Potukun yoxluğu narahat edir. Ötən tur "Bursaspor" qarşısında gördüyü sarı vərəqə səbəbindən cəzalı duruma düşən Alperin həm də zədəsi var. "Fənərbaxça" öz meydanında oynadığı son 11 oyunda məğlubiyyətin nə olduğunu bilmir. Bu komandanın Kadıköydə ən son məğlubiyyəti isə ötən mövsümün 20-ci turunda "Sivasspor"la qarşılaşmaya təsadüf edir.
"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal "Qalatasaray"a qarşı komandasını bu heyətlə oynatmağı planlaşdırır: Volkan Demirel, Gökhan Gönül, Bruno Alveş, Egemen Korkmaz, Canar Erkin, Mehmet Topal, Emre Belözoğlu, Meyreleş, Kuyt, Sou, Emenike (Webo).
"Qalatasaray" cəbhəsi:
"Sarı-qırmızılı "komanda 14 ilə yaxındı ki, səfərdə əzəli rəqibinə qalib gələ bilmir. "Qalatasaray" həm də "Fənərbaxça"nı məğlub edib aralarında olan xal fərqini 3-ə endirmək istəyir. Super Liqada arxada qalan 10 tur ərzində 5 qalibiyyət, 4 heç-heçə və 1 məğlubiyyəti olan bu komanda 19 xalla və bir oyun az keçirtməklə 4-cü yerdə qərarlaşıb.
"Qalatasaray"da zədəli olan Fernando Muslera ilə hollandiyalı Uesli Sneyder derbidə forma geyinə bilməyəcək. Təcrübəli uruqvaylı qapıçının yoxluğunda qapını gənc Eray İşcan qoruyacaq. "Cim-Bom"da zədəli olan Ufuk Ceylan və Gökhan Zan da komandadan ayrı məşq edərkən, əməliyyat olan Hamit Altıntopun müalicəsi davam edir.
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini "Fənərbaxça" qarşılaşması ilə Super Liqadakı ilk derbisinə çıxacaq. Fatih Terimin gedişindən sonra komandanın başına gətirilən təcrübəli italiyan məşqçi Türkiyə çempionatında və Çempionlar Liqasında 7 oyunda 4 qalibiyyət, 1 heç-heçə və 2 məğlubiyyət görüb.
Super Liqada son 3 oyununu qazanan "sarı-qırmızılı" komanda Mançininin başçılığı ilə ilk derbisində qələbə qazanaraq seriyasını sürdürməyi hədəfləyir. Karyerası ərzində Super Liqada 99 qol vuran komandanın forvardı Burak Yılmaz bu görüşdə fərqlənərsə, adını "yüzlər klubu"na yazdırmış olacaq.
Mançini "Fənərbaxça"ya qarşı komandasını bu heyətlə oynatmağı planlaşdırır: Eray, Ebue, Şedyu, Semih, Sabri, Melo, Selçuk, Bruma, Burak, Umut, Droqba.





