Nəticə ümidvericidir, oyun yox. Amma vəzyyət faciəvi də deyil. Maltaya yenilgidən sonra San Marino ilə matçda ehtiyatlılıq gözlənilən idi. Yığma üzvləri daha bir “cırtdan”a uduzmaq perspektivindən çəkinərək oynayırdı.
Futbolçuların yorğunluğunu, ağır mövsümdən sonra ideal vəziyyətdə olmamasını da bura əlavə etməliyik. Üstəlik, baş məşqçi Ayxan Abbasov sırf nəticə üçün ən yaxşı heyətə güvənməkdənsə, qarşılaşmalara fərqli, bir az da eksperimental heyət buraxmağı üstün tutdu. Yoxlama oyunlarında məhz belə də olmalıydı.
Bu, yığma komandanın qarşıdakı Millətlər Liqası görüşləri ərəfəsində son sınağı idi. Durum çox da ümidverici deyil. Ölkə futbolunun sabiq idarəçilərinin günahı üzündən onsuz da potensialı yüksək olmayan komandamızın legioner limitinin ləğvindən sonra vəziyyəti daha da pisləşib. Ölkə klublarında əsas heyətdən kənarda qalan yığma üzvlərinin təcrübə baxımından əziyyət çəkdiyi göz önündə idi. Bunun üzərinə azsaylı legionerlərimizin də bərbad fiziki durumda olduğunu gəlsək, San Marino ilə matçda istədiyimiz oyunu görməməyimizin səbəbi aydınlaşar. Elə daha öncə Maltaya məğlubiyyətin də…
Yığmamızın buraxılan erkən qoldan sonra toparlanması təqdirəlayiqdir. Amma həmin o topun buraxılması özü problemdir. Bu səviyyəli rəqibə saysız şanslar vermək, son dəqiqələrdə az qala qələbə hesabını əldən buraxmaq durumu ilə üzləşmək ciddi siqnal olmalıdır. Millətlər Liqasında daha mütəşəkkil heyət görəcəyik, yəqin futbolçular da o zamana kimi formaya düşər. Əksi olsa, bizi böyük üzüntü gözləyir.
Qələbə istənilən halda xoşdur. Lakin nəticə aldadıcı olmamalıdır. Sürüşkən hesablı dünənki qələbə yalnız ümumi ab-havanı qismən yaxşı saxlaya bilər. Qarşıda görüləcək çox iş var.
FƏRİD





