Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov yoldaşlıq görüşündə San Marino yığmasına qarşı keçirdikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az həmin müsahibəni təqdim edir.
– Oyun barədə nə deyə bilərsiniz?
– FIFA reytinqindəki mövqeyinə baxmayaraq, rəqib asan deyildi. Meydanda mübarizə apardıq, San Marino da güzəştə getmək istəmirdi. Şükürlər olsun ki, qələbə qazana bildik.
– Buraxılan qoldan sonra narahatlıq yarandı?
– Bəli, var idi. Uduzmaqdan qorxurduq. Oyundan əvvəl də belə bir təşviş var idi.
– Bu, Maltaya məğlubiyyətdən irəli gəlirdi?
– Bəli, yenidən uduzmaq istəmirdik. Hərçənd qeyd etmək lazımdır ki, bütün mövsümdən sonra bu təlim-məşq toplanışı ağır keçdi. Qələbə qazandığımız üçün şadıq.
– Qol sizin adınıza yazılsa da, təkrar kadrlarda topa sizin, yoxsa Renat Dadaşovun toxunduğunu müəyyən etmək çətindir. Bəs siz nə deyirsiniz?
– (Gülür) Yaxşı sualdır. Diqqətlə baxmaq lazımdır. Mənə elə gəlir ki, qolu mən vurmuşam, Renata isə elə gəlir ki, özü fərqlənib. Amma ümumilikdə, qol kimin adına yazılıbsa, deməli, o da vurub (gülür).
– İlk hissədə daha bir qol vura bilərdiniz…
– Bəli, amma alınmadı.

– Komanda Millətlər Liqasına hazırdır?
– Biz bu turnirə ümidlə yanaşırıq. İnanıram ki, daha yaxşı hazırlaşıb, daha yaxşı nəticə göstərəcəyik. İnanmaq lazımdır.
– Amma bunun üçün son yoldaşlıq görüşlərindəkindən daha yaxşı oynamaq lazımdır. Razısınız?
– Elə də olacaq. Özümüzü buna hazırlayacağıq.
ƏZİZ





