Ötən mövsüm "Xəzər Lənkəran"ın baş məşqçi postundan ayrılandan sonra işsiz olan Yunis Hüseynovun Futbolinfo.az saytına müsahibəsi
 
– "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra nə işlə məşğul olursuz?
– Hələ ki, heç bir iş görmürəm.
 
– Baş məşqçisi olduğunuz "Xəzər Lənkəran"ın hazırkı vəziyyətini necə dəyərləndirərdiz?
– Bildiyimiz kimi, Lənkəran klubunun vəziyyəti hazırda yaxşı deyil. Amma inanıram ki, tezliklə hər şey öz qaydasına düşər.
 
– Con Toşakın işi haqda nə deyə bilərsiz?
– Baş məşqçi haqda nəsə demək düzgün deyil. Bu haqda danışmaq istəmirəm.
 
– Sizcə, bu komandanın problem nədədi?
– Komanda o qədər də pis təsir bağışlamır. Hücumlar qurulur, sadəcə qol vura bilmir. Bir neçə qələbə qazanılarsa, bunların hamısı qaydasına düşəcək. Sadəcə, "Xəzər Lənkəran"ın bu vəziyyətdən çıxması üçün bir neçə qələbə lazımdı.
 
– Super Kubokda "Neftçi"ni məğlub edən "Xəzər Lənkəran" Bakıda biabırçı hesabla məğlub oldu…
– Düşünürəm ki, buna səbəb "Neftçi"nin daha çox iddialı olmasıdı. Naxçıvanda kuboka daha çox həvəsli olan "Xəzər Lənkəran" idi. Buna görə də qələbə qazandı. Bakıdakı oyunda Lənkəran klubunda ruh düşkünlüyü vardı, məğlubiyyətin də əsas səbəbi bu oldu. Bundan başqa, Nazim Süleymanov amili də oyunu böyük ölçüdə təsir etdi.
 
– Yeri gəlmişkən, Nazim Süleymanov və Şahin Diniyev işlə təmin olundu…
– Mən həm "Neftçi", həm də "Rəvan" rəhbərliyini bu təyinata görə alqışlayıram. Yerli məşqçilərə üstünlüyün verilməsi sevindirici haldı. Yerli mütəxəssislərin savadına və işlərinə bələdəm. Deyə bilərəm ki, onlar gəlmə mütəxəssislərdən daha yaxşıdı.
 
– Sizə hər hansı bir klubdan təklif varmı?
– Xeyr, hələ ki, heç bir təklif yoxdu.
 
– Millinin göstərdiyi nəticələr haqda nə deyə bilərsiz? Qarşıda iki yoldaşlıq oyunu var…
– Milli komandaya uğurlar arzulayıram. Son tsikldəki nəticəmizi yaxşı qiymətləndirərdim. Yoldaşlıq oyununa qaldıqda, adından da göründüyü kimi bu, yoldaşlıq görüşüdü. Qalib gəlsələr lap yaxşı olar. Amma bu, futboldu. Reytinq baxımından qələbə lazımdı, amma o qədər də əhəmiyyətli oyunlar deyil.
 
– Berti Foqtsun AFFA ilə olan müqaviləsi ilin sonunda başa çatır. Sizin fikrinizcə, Foqts getməlidi, ya qalmalıdı?
– Mən Foqts haqda danışmaq istəmirəm. Deyiləsi bir söz yoxdu. Yəqin ki, öz yerində qalacaq.
 
– Siz qalmağının tərəfdarısınız?
– Yox, Yunis Hüseynovun fikrinə qalsa, yaxşı deyil. Amma federasiyada Yunisin sözüylə oturub-durmurlar. Foqtsun qalıb-qalmamasını nəinki mənim, heç bir mütəxəssisin fikirlərinə görə müəyyənləşdirmirlər.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: