“Xəzər Lənkəran” Azərbaycanda ən fəal, çılğın azarkeşlərə sahib klubdu. Hər komandada olduğu kimi, cənub təmsilçisinin də bir neçə fan-klubu var, ancaq onların da arasında biri seçilir. Bugünkü müsahibimiz “Xəzər Lənkəran”ın ən böyük fan-klublarından olan “Caspian Ultras”ın rəhbəri Ramal Novruzovdu.
– Ramal bəy, əvvəlcə “Caspian Ultras” fan-klubu haqda ətraflı məlumat verin.
– Fan-klubumuz 2011-ci il mayın 1-də yaradılıb. Təşəbbüskarlar bir neçə nəfər olub. Əsasən Rauf Əkbərovun, Xalid İbrahimlinin, Vüsal Kərimovun, Orxan Əliyevin əməkləri sayəsində bu fan-klub yaradılıb. Vüsal Kərimovun təklifi ilə fan-klubumuza “Caspian Ultras” adı verilib. İlk üzvlərimiz isə Emilbəy Kazımzadə ilə Tural Əlizadə olub. İlk rəhbər də elə Tural Əlizadə olub.
– Hazırda fan-klubun neçə üzvü var?
– Hazırda 2000 nəfərdən artıq üzvümüz var.
– İlk dəfə fan-klub olaraq hansı oyuna getmisiz?
– May ayının 3-də ilk toplantımız olub və 5 mayda isə ilk dəfə stadionda “Caspian Ultras” adı altında “Xəzər Lənkəran”a dəstək vermişik. İndiki kimi yadımdadı Tofiq Bəhrəmov adına Respublika stadionunda kubokun yarımfinal oyununda komandamız “Bakı” ilə qarşılaşmışdı.
– Fan-klub Bakıda məskunlaşıb, yoxsa Lənkəranda?
– “Caspian Ultras”ın əsas bölməsi Bakıda yerləşir. Ancaq Lənkəran, Astara və Cəlilabad, o cümlədən Sumqayıt filiallarımız fəaliyyət göstərir.
– Yeni layihələriniz olacaqmı?
– Layihələrimiz çoxdu. Ən böyük planımızı inşallah bu yaxınlarda həyata keçirəcəyik. Çoxdan hazırladığımız iki plan da var, onu da hissə-hissə edirik. Bir dəfəlik hazırlamağa maddi durumumuz imkan vermir. İnşallah yaxın vaxtlarda onu da görəcəksiniz. Və tezliklə Lerik və Masallı filiallarımızın təməli qoyulacaq.
– Sizə klubdan dəstək var?
– İlk aylarda öz cibimizdən istifadə etdik. Sonra idarə heyyətimizin geniş axtarışı nəticəsində xaricdə yaşayan cənublu balası Nadir Şirəliyevi tapdıq. Onun bizim fan-kluba çox maddı yardımı olub. Bir nəfər üzvümüzün atası isə bizə avtobus tutmaqda maddı yardımlar edib. Adımızdan verilən bəyanata görə ikincidən imtina etdik. Kluba gəldikdə isə mənəvi dəstəkləri var və həmişə də olacağına inanırıq. Maddi cəhətdən isə xeyr. Onu da inkar edə bilmərik ki, mayın 28-də kubokun final oyununda Astara və Lənkərandan gələn avtobuslar klub tərəfindən ayrılmışdı və bizim Lənkəran, Astara və Cəlilabad üzvlərimiz də bu avtobuslarla gəlmişdi.
– Çox fan-klublar klubdan maddi görsələr də gizlədirlər, inkar edirlər…
– Burada danılası elə bir şey yoxdu. Alsaq, deyərəm alırıq, burada pis bir şey yoxdu. Lakin dediyim kimi, fan-klubumuza ancaq avtobus köməkliyi olur, o da yuxarıda adlarını hallandırdığım insanlar tərəfindən. Başqa ləvazimatları öz pulumuza alırıq. Biz fan-klubu pula görə deyil, “Xəzər Lənkəran”a dəstək məqsədi ilə yaratmışıq. Bəzi dırnaqarası jurnalistlər adımıza ləkə yaxıb. Ən böyük fan-klubu parçalamaq məqsədi ilə… Ancaq biz bizik və sona qədər bir yumruğuq! “Caspian Ultras” fan-klubunun bütün üzvlərinə bir sözüm var: Bİz daim birlikdə güclüyük! Bizi heç kim parçalaya bilməz!
– Kubok oyunundan söhbət açılmışkən… Həmin gün və 25 avqustda baş verən iğtişaşlarda sizin fan-klubun üzvləri iştirak etmişdi?
– İğtişaşda bütün stadion iştirak edib. Ancaq bəzi “Neftçi” azarkşeləri bildirirlər ki, güya biz fakel atmışıq. Xeyr, biz atmamışıq. Atsaq, deyərik atmışıq. Biz deyəndə “Caspian Ultras”ı nəzərdə tuturam. Biz hər zaman sözümüzü açıq deyirik. Necə ki, axırıncı oyunda “stadiona gedərik” dedik, getdik. Yarımız içəri keçsə də, yarımız çöldə şüarlarla dəstək verdik.
– Bu iğtişaşlar nə zaman bitəcək?
– Artıq bitməsinə ümid yoxdu. İlk olaraq bu şəraiti başbilənlər yaratdı. İndi də yığışdıra bilmirlər. Cəza çəkəcək insanların yerinə günahsızlar cəza çəkdikcə bu daha da kritik nöqtəyə çatacaq…
– Yəqin ki, söhbət həbsdə olanlardan gedir. Eliko Ləzginçik sizin fan-klubun üzvü olub?
– Xeyr, bizim fan-klubun üzvü deyil. Əvvəllər “Fırtına”nın üzvü olub. Sonradan isə azad azarkeş kimi gəlirdi oyunlara.
– Azarkeşin həbsinə münasibətiniz necədi?
– Belə şeylər sadəcə, cəfəngiyyatdı. AFFA rəhbərliyi özü deyir ki, azarkeşsiz futbol olmaz. Ancaq özləri belə hallar ilə azarkeşləri stadiondan uzaqlaşdırırlar. Belə şey olar? Azarkeş azad olmalıdı. Ancaq bizim stadionlarda polis gah deyir başım ağrıyır baraban vurma, təzahürat oxuyursan, deyir bura mahnı oxumaq yeri deyil. Min bəhanə gəzirlər ki, kimisə bölməyə aparsınlar.
– “Böyük oyun”un azarkeşsiz olması qərarına da qarşı çıxdız və “Neftçi” ilə oyuna gəlmişdiz…
– Bəli, biz o oyuna gəldik. Yarısı bayırda, yarısı tribunada komandamıza dəstək verdi. Bu cür oyunları azarkeşsiz etmək düzgün deyil. Rəqabət o zaman olur ki, hər iki komandanın azarkeşi olsun. Azarkeşləri meydandan uzaqlaşdıran amil də elə budu.
– “Neftçi” ilə barışıq ehtimalı yoxdu?
– Əsla!!! Adı üstündə – barışmaz rəqib.
– Sevimli komandanızın uğursuzluqlarına münasibətiniz…
– Biz komandamıza güvənirik və bu uğursuzluq zolağından çıxacağımıza əminik.
– Həmişə çempionatın favoritlərindən olan “Xəzər Lənkəran”ın enişinin səbəbini nədə görürsüz?
– Ən böyük səbəb kimi Yunis Hüseynovun baş məşqçi gətirilməsində görürük. Çünki o, gözəl heyəti dağıtdı. Məş şəxsən səbəbi bunda görürəm. Con Toşak da yaxşı məşqçidi. Ancaq o, Azərbaycanda Britaniya futbolunu sərgiləmək istəyir. Lakin əlində o oyuna uyğun futbolçu yoxdu. Gərək daha sürətli və daha dəqiq zərbələrə malik hücumçu, cinahlarda sürətli müdafiəçilər olsun.
– Çoxları isə rəhbərliyi qınayır…
– Bəli, çoxları rəhbərliyi günahlandırır, ancaq gəlin obyektiv danışaq. “Xəzər Lənkəran”ın bir sahibi var – Mübariz Mənsimov. Bu insane “Palmali” kimi bir şirkəti idarə edirsə, necə olur ki, 5-6 nəfərlik idarə heyətinə rəhbərlik edə bilmir? Bu, sadəcə, danışıqlardı. Ola bilər idarə heyətində dəyişikliklər lazımdı, ancaq buna qərarı Mübariz Mənsimov verir. Biz azarkeşlər də Mübariz Mənsimovun verdiy hər qərarı təsdiqləyirik. Çünki bizə bu gözəl futbol həyəcanını məhz o, yaşadıb. Nəinki bizə, bütün Azərbaycana. Çünki “Xəzər Lənkəran”a qədər Azərbaycan çempionatı “Böyük oyun” görməmişdi, azarkeşli oyuna isə həsrət idi.
– Komandadan isə uğursuzluqlarda PFL-ı, hakimləri günahlandırırlar…
– Əlbəttə, biz də bu fikirdəyik. Bizim açdığımız bannerlərdə də bu, açıq görsənir. Biz bununla sonadək mübarizə aparacağıq. Harada görülüb ki, bukmeker şirkəti çempionata sponsorluq etsin. Hakimlik təmiz bərbad gündədi. Ya heç nə qanmırlar, ya da yalandan edirlər. İkinci variant daha çox uyğun gəlir. Çünki Xaqani Məmmədov həmişəki kimi hakimlərini tərifləyir.
– Sizcə, heyətdə komandaya ziyan vuran futbolçu varmı?
– Komandamızın yarısı elə ziyanlıdı. Hardasa çoxu komandadan getməlidi. Ya da yerlərinə çox futbolçu alıb, rəqabəti artırmaq lazımdı. Əsas ziyan verən futbolçular Elnur Allahverdiyev ilə Kamran Ağayev idi, onlar da artıq yoxdu.
– Toşaka münasibətiniz necədi? Artıq gedəcəyi gündəmdədi…
– Bunu artıq hamı istəyir.
– Bəs onun postunda kimi görmək istərdiz?
– Hər zaman demişik, yenə də deyirik: Rednik! Rednik! Yenə də Rednik!
RÖYA KƏRİMLİ





