“Xəzər Lənkəran”ın uğursuz çıxışı artıq azarkeşləri təngə gətirib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun azarkeşləri məhz bu uğursuzluqlara cavab olaraq aksiyaya hazırlaşırlar.
 
Belə ki, lənkəranlı fanatlar "Facebook" sosial şəbəkəsində bununla bağlı bəyanat yayıblar. Onlar bu bəyanatda komandanın növbəti oyunlarında klub rəhbərliyini, daha doğrusu vitse-prezident Tuyğun Nadirovu istefaya səsləyəcəklərini bildiriblər. Həmin bəyanatı olduğu kimi təqdim edirik:
"Növbəti oyunlarımızda "Tuyqun istefa" və rəhbərlik əleyhinə digər şüarlar matç boyunca səslənəcək! Tələbimiz ondan ibarətdi ki, rəhbərlik klubdaxili dəyişikliklərə getməlidi! 10 ildə 10 məşqçi dəyişdik xeyri olmadı. Con Toşak da getsə, xeyri olmayacaq! Həbsdə olan azarkeşlərin bizlərdən olmadığını söyləyən, arxasında durmayan Tuyqunkimilər, vaxt gələcək sizlər üçün də bu sözləri deyəcək. Azarkeş böyük qüvvədi, şüarlarımızla çox məşqçini yola salmışıq. Bu dəfə isə məşqçiyə yox, Tuyqunkimilərə stadionda sözümüzü deməyin vaxtıdı"!
 
Məsələyə münasibət öyrənmək üçün azarkeşlərin təqsirləndirdikləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyğun Nadirovla əlaqə saxladıq. O isə belə boş söhbətlərə münasibət bildirmək istəmədiyini bildirdi. Əksinə azarkeşlərin hər dediyini gündəmə gətirməklə onlara dəstək olmağın əleyhinə olduğunu vurğuladı.
Shares: