“Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov futbolinfo.az saytına müsahibəsində şəxsi həyatından danışıb.
 
– Əvvəlcə özünüz haqda məlumat verin…
– 1988-ci il avqustun 10-da Binəqədi rayonunda doğulmuşam. Elə burada da böyümüşəm. 2 saylı orta məktəbi bitirmişəm. Əslində, universitetə hazırlaşırdım, sadəcə, təhsili buraxıb futbolu seçdim.
 
– Ailələr daha çox övladlarının təhsil alıb, savadlı olmasını istəyir. Sizin ailəniz futbolu seçdiyinizə görə narazılıq edib?
– Bəli, mənim valideynlərim də universitetə daxil olmağımı istəyirdi. Təzyiq göstərirdilər. Ancaq sonda gördülər ki, alınmır, futbolla təhsil birlikdə tutmur. Və qərara gəldilər ki, iki yoldan birini seçim. Mən də futbolu seçdim. Onlar da hörmətlə yanaşdılar.
 
– Ailənin neçənçi övladısız?
– İki uşağıq. Məndən balaca bacım var.
 
– Nəslinizdə başqa futbolçu varmı?
– Futbolla məşğul olan yoxdu. Ancaq dayım güləş üzrə çempion olub, atam oynadığı həndbol, voleybol komandalarında çempion olub. Futbolla məşğul olan təkcə mənəm.
 
– Ailələr övladlarını daha çox hüquqşunas, həkim və s. peşə sahibi kimi görmək istəyirlər. Valideynlərinizin sizinlə bağlı nə arzuları var idi?
– O barədə fikir bildirməmişdilər, mənim öz qərarımdan asılı idi. Mən də həmin vaxtlar 2-ci qrupa, yəni iqtisadiyyata hazırlaşırdım. Ancaq bütün diqqətimi futbola verdikdən sonra qərarımı dəyişdim. Ancaq bacımın üzərində durdular, o, bu gün tibb universitetində oxuyur.
 
– Futbolu seçdiyiniz üçün peşmanlıq hissi keçirdiyiniz vaxt olub?
– Xeyr, heç olmayıb. Başqasının məcburiyyəti ilə yox, öz istəyimlə seçdiyim peşədi deyə, peşmanlıq hissi keçirməmisəm. Şükürlər olsun ki, hər şey istədiyim kimidi.
 
– İstirahət günlərini necə dəyərləndirirsiz?
– Ailə ilə birgə keçirirəm. Nəsə bir əyləncəm yoxdu. Məşqdən evə, evdən məşqə.
 
– Bəzən belə monoton həyatdan sıxılırsınızmı?
– Əlbəttə. Daim belə davam edə bilməz. Arada uşaqlarla görüşürük. İstirahət edəndə də, əylənəndə də ailəmlə birgə oluram.
 
– Futbolçular arasında ən yaxın dostunuz kimdi?
– Rəşad Sadıqov. Futbolçu kimi yetişməyimdə çox dəstək olub. “Qarabağ”da onunla elə bir otaqda qalırdıq. Gənc futbolçu kimi həmişə mənə yol göstərib.
 
– Artıq “Bakı”nın futbolçususuz. Komandaya tam uyğunlaşa bilmisiz? Ümimiyyətlə, düşdüyünüz mühitə tez uyğunlaşa bilirsiz?
– Elə də qəliz xasiyyətim yoxdu. Düşdüyüm mühitə tez uyğunlaşıram. Həm də Azərbaycanın içindəyik, bütün futbolçuların bir-biri ilə əlaqəsi var, hamı biri-birini tanıyır deyə, tez uyğunlaşırıq. Ona görə heç də çətinlik çəkmirəm. Həmişə hadisələrə pozitiv yanaşıram. Çünki baş verən hər şey Allahın qədəridi. Neqativ olan insanlara da pis baxmışam. Baş verən hər hadisə Allahın istəyi ilə olur. Şükür etmək lazımdı ki, bundan da pis  ola bilərdi. Və demək belə məsləhət imiş ki, belə olub.
 
– Dinə çox meyllisiz…
– Bizi yaradan Allahdı. Biz də ona ibadət etməliyik. Allah buyurub ki, mən dinləri yaratdım ki, ibadət etsinlər. Biz də Allahın əmrini yerinə yetiririk. Əslində, bizim ibadətlərimizə Allahın ehtiyacı yoxdu. Bizim ona sığınmağa ehtiyacımız var. İbadət edəndə itirmirik, qazanmırıq. Allaha şükürlər olsun ki, mən də hidayət verib, namaz qılıram.
 
– Boş vaxtlarda heç mütailə edirsiz?
– Diqqətimi daha çox dini kitablara verirəm. Elə boş vaxtım olan kimi də dini kitablar oxuyuram.
 
– Bəs bədii kitablar?
– Bəli, oxumağa çalışıram ki, danışıq qabiliyyətim yaxşı olsun. Çünki bədii ədəbiyyət nitq qabiliyyətini formalaşdırmaq üçün xeyirdi. Demirəm danışıq qabiliyyətim pisdi, sadəcə, elə sözlər var ki, birdən deyəndə etik qaydalara uyğun olmaz.
 
– "Oxumuş adamla oxumamış bir deyil" fikrindəsiz?
– Deyirlər dünya görüşü baxımından çox gəzən çox bilir. Ancaq mən deyərdim ki, oxuyan insan daha çox bilir. Bəzən olur bir mövzu ətrafında oxumuş insan bir yönə gedir, sən başqa yönə gedirsən. Ancaq mənə fərqli deyil. Elə oxumamış adam var ki, çox gəzəndən də, çox oxuyandan da çox bilir.
 
RÖYA KƏRİMLİ
Shares: