"Qaradağ Lökbatan"ın baş məşqçisi Adil Mahmudov Azərbaycan 1-ci Divizionunun 11-ci turu çərçivəsində keçirilmiş "Neftçala" ilə oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı öncə bunları dilə gətirib:
"Çətin oyun oldu. İddialı komandalar qarşılaşırdı. Düzdü, bu oyunda qələbə qazana bilmədik. Çünki komandada bəzi çatışmazlıqlar var. Bəzi oyunçulardan istədiyimi ala bilmədim. Bizim bu oyunda xal itirməyimiz "Neftçala" da daxil olmaqla, bəzi klublara sərf edir. Amma ruhdan düşmürük. Çempionluğa iddialı komandayıq. Buna görə də qışda xaricə təlim-məşq toplanışına gedəcəyik. Yeni transferlər də olacaq".
 
Mahmudov köməkçisi Nasim Əhmədovu birinci hissənin gedişində texniki zonadan qovmasına da münasibət bildirdi: "Ona dünəndən meydanın sulanmasına nəzarət etməyi tapşırmışdım. Biz məşqləri quru meydanda edirdik. Lakin bu gün qazon həddən artıq sulanmışdı. "Neftçala" öz məşqlərini İdman Akademiyasının meydanında edir. Oranın da qazonu quru olmur. Bu üzdən onlar bizim stadionda daha yaxşı oynayırdılar. Nasimə də buna görə əsəbləşdim".
Shares: