Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika stadionunda "Rəvan"la qolsuz heç-heçəyə razılaşması "İmarət" fan-klubunun üzvlərini özündən çıxarıb. Sözügedən fan-klubun liderlərindən Qabil Hüseyn futbolinfo.az saytına açıqlamasında maraqlı fikirlər səsləndirib:
"Neftçi"dən aralanmağımız üçün əlimizə yaxşı imkan düşmüşdü. Amma "Qarabağ" bu görüşdə çox istəksiz oynadı. "Bakı", "Xəzər Lənkəran", "Qəbələ"yə qarşı sərgilədikləri futbolu oynamadılar. Meydanda çox həvəssiz idilər. İnanmıram ki, Qurban Qurbanov öz istəyi ilə belə nəticəyə razı olsun. Görünür, "Neftçi"nin "Qarabağ"dan geridə qalmasını istəməyənlər bizə təzyiq edir. Amma biz bu "oyunlar"dan bezmişik. Günahkar kimdi, deyə bilmərəm. Çünki, əlimizdə fakt yoxdu. Amma bir gerçək var ki, "Qarabağ" "Rəvan"la bərabərə qaldı".
"İmarət" rəsmisi maraqlı bir təkliflə də çıxış edib: "Təklif edirik ki, "Qarabağ" və "Neftçi"nin oyunları eyni gündə keçirilsin. Belə oyunlar bir də baş versə, azarkeşlərin qarşısında cavab verməli olacaqlar. Birimiz cərahiyyə əməliyyatından, digərimiz qohumumuzun yasından çıxıb gəlirik komandanı dəstəkləməyə ki, "Qarabağ" hansısa "oyun"un qurbanına çevrilsin? Biz "Qarabağ"ın gözəl oynadığının şahidi olmuşuq. Bugünkü heyətlə "Rəvan"a 5 top vura bilərdik. Amma "tapşırıq" müvəffəqiyyətlə yerinə yetirildiyi üçün, oyun 0:0 başa çatdı"!
Shares: