Con Toşak da belə getdi. Artıq “Xəzər Lənkəran”ın məşqçi dəyişmək sürəti ilə ayaqlaşa bilmirik. Gələn məqşçi haqda tam fikir formalaşdıra bilməmiş yollayıb, başqasını gətirirlər.
Con Azərbaycana gələndə elə ajiotaj yaratdı ki, gəl görəsən. Sonu nə oldu? Futbolumuz bir çox məhşurlar kimi uelslini də cılızlaşdırdı. İndi sıra Mustafa Dənizlidədimi? Yoxsa əksi olacaq? Bununla əlaqədar futbol ictimaiyyəti arasında sorğu keçirdik. “Mustafa Dənizli "Xəzər Lənkəran"a nə verəcək” sualına idman jurnalistləri belə cavab verdilər:
Şamo Quliyev (Apasport.az saytının əməkdaşı): “Təcrübə göstərir ki, türkiyəli çalışdırıcılar Azərbaycanda özlərini doğrultmurlar. Lakin Dənizlini Rasim Kara, Bülənt Korkmaz, Cünyet Biçər, Fatih Kavlak kimi çalışdırıcılarla müqayisə etmək olmaz. Onun Fatih Terim və Şenol Günəşlə birgə türk futbolunun yetişdirdiyi 3 ən yaxşı məşqçidən biri olduğunu düşünürəm. Bəlli karyerası, yetərincə təcrübəsi var. Düzgün, məntiqli seçimdi. Düzdü, son illər işlədiyi klublarda ciddi heç nəyə nail olmayıb. Lakin hər şey vəziyyətdən asılıdı. O da Lənkərana Con Toşak kimi istirahət niyyəti ilə gələcəksə, may ayını görmədən qovulacaq. Burada rəhbərliyin də üzərinə böyük iş düşür. Baş məşqçinin istədiyi oyunçuların alınıb-alınmayacağından çox şey asılıdı. Lakin burada ən önəmli məqam Mustafa bəyin kimləri istəyəcəyidi. Hesab edirəm ki, qış fasiləsində Dənizlinin Lənkərana hansı amalla gəldiyi bəlli olacaq”.
Rəşad Ergün ("Komanda" qəzetinin baş redaktoru): "Dənizli Türkiyə çapında yaxşı məşqçilərdən hesab olunur. Amma indi onun "Xəzər Lənkəran"a nə verəcəyi sualına cavab vermək çətindi. Bilirsiz, Azərbaycan futbolu elədi ki, burada heç kimin tanımadığı məşqçi də uğur qazana bilər. Bir şərtlə ki, şəxsən cənab Ramin Musayev özü ona dəstək versin. Hər halda, heç kim deyə bilməz ki, Con Toşak Tərlan Əhmədovdan, Qurban Qurbanovdan zəif məşqçi idi. Amma onda alınmadı. Problem Toşakda deyildi, bizim futbol çox eybəcərdi. Dənizli bu eybəcərliyə tez uyğunlaşa bilsə, "Xəzər Lənkəran"a nəsə qazandırar”.
Elnur Əşrəfoğlu (Olimpiya.az saytının baş redaktoru): "Dənizlinin məşqçi kimi uğurları çox olub. Türkiyədə 3 böyük klubu çempion edən yeganə məşqçidir. İranda işləyəndə də böyük qələbələrə imza atdı. Ötən il "Çaykur Rizəspor"u Bank Asiya Liqasından Super Liqaya çıxardı. Bir sözlə, qısa müddətə komandaların nəbzini tutan bir məşqçidi. Onun rəhbərliyi altında "Xəzər Lənkəran"da dəmir nizam-intizamın yaradılmasına heç şübhə etmirəm. Fikrimcə, klub rəhbərliyi ona 2 ay ərzində komandanı təmizləməyə kömək etməlidi. Çünki indinin özündə də klubda ab-havanı korlayan futbolçular var. Onlar yola salındıqdan sonra, yanvar ayında məşqçinin istəyi ilə ediləcək transferlər "Xəzər Lənkəran"ı bu durumdan çıxara bilər. Çempionluq uğrunda mübarizə çətin olsa da, ölkə kubokunu qazanmaq üçün Dənizli sonadək mübarizə aparacaq. Amma yaddan çıxartmayaq ki, Dənizli Türkiyədə işləyərkən dəfələrlə 11-14 xal fərqini aradan götürərək komandasını çempion edib”.
Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): “Dənizli böyük klublarla yanaşı, nisbətən zəif, çətin durumda olan komandaları da çalışdırıb. Sonuncu "Çaykur Rizəspor"du. Bu komandanı aşağı dəstədən elitaya yüksəldən məşqçidi. Lənkəran azarkeşi və klub rəhbərliyi onun arxasında sona qədər dursa, hər şey yaxşı olacaq. Ancaq son vaxtlar "Xəzər Lənkəran"da o qədər baş məşqçi dəyişikliyi olub ki, adam proqnoz verməkdə çətinlik çəkir. Məncə, Dənizli burada maksimum ölkə kubokunu qazana biləcək. Ölkə çempionatı vasitəsilə avrokuboklara vəsiqə şansı artıq yoxdu. Fikrimcə, Dənizli gələn ilin yayında göndəriləcək”.
Ürfan Məmmədli (“Çempion” qəzetinin baş redaktoru): “Dənizlinin “Xəzər Lənkəran”a nə verəcəyini deyə bilmərəm. Əgər 6 aydan sonra onu istefaya dəvət etməsələr, ondan sonra nəsə düşünmək olar. İndi düşünürəm ki, Dənizlinin Lənkəranda uzun müddət qalması çətin olacaq”.
Emin Səfərov (Futbolinfo.az saytının əməkdaşı): “Dənizli 3 Türkiyə nəhəngi olan “Beşiktaş”, “Fənərbaxça”, ”Qalatasaray” kimi klubları çempion etmiş biridi. Məşqçi karyerasında ilklərə imza atmış şəxsdi. Öncə "Xəzər Lənkəran"da daxili problemlər həll olunmalıdı. Yarandığı on il ərzində yaşı qədər məşqçi dəyişilirsə, deməli mütləq klubun daxilində problemlər var. Çünki, hər məşqçi istefasından sonra həmin mütəxəssislər açıqlamalarında klubdaxili problemlərin çox olduğunu vurğulayıblar. "Xəzər Lənkəran"ın "sükanı arxasına" yetərincə təcrübəli mütəxəssislər gəlib, gedib. İnanmaq istərdim ki, Denizli tez gedənlərdən olmayacaq”.
RÖYA KƏRİMLİ





