AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov Azərbaycan 1-ci Divizionunun 11-ci turunda keçirilən "Qaradağ Lökbatan" – "Neftçala" qarşılaşmasında baş verənlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, ev sahibi komandanın məşqçisi Nasim Əhmədov baş hakim Orxan Məmmədov tərəfindən texniki zonadan uzaqlaşdırılsa da, yenidən məşqçilərin əyləşdiyi skamyaya qayıtmışdı.
HK-nin sədri saytımıza müsahibəsində məsələni bu cür izah edib: "Burada öhdəlik hakimlərin üzərinə düşür. Texniki zonadan uzaqlaşdırılan insan bir daha ora qayıtmamalıdı. Texniki zonaya cavabdeh ehtiyat hakimdi. Ona qarşı da müvafiq tədbir görüləcək. Artıq həmin hakimə təyinat verilməyib".





