"Tarixi Nadir" kitabını yarıya qədər oxumuşam, ancaq hələ də Topaz Premyer Liqasının təqvimindən zərrə qədər də olsa, baş aça bilmirəm. "Böyük beşlik" ölkələrinin birinciliklərinə, lap elə digər milli çempionatlara nəzər salsaq, baş tutan oyunların birinin cümə, digərlərinin isə şənbə və bazar günləri keçirildiyinin şahidi olarıq. Baxmayaraq ki, həmin çempionatlarda komandaların sayı ən azı 18-20-di. Ancaq bizdə…
 
Peşəkar Futbol Liqası tərəfindən Topaz Premyer Liqasının təqvim-ssenarisi çox "gözəl" hazırlanıb. Bu ssenarinin yaxın gələcəkdə "Nobel" mükafatı alacağını da güman etmək olar. Ssenaridə PFL-in maraqlı və dəyişkən taktikaları əks olunub. Keçirilən oyunların təqviminə nəzər salsaq, PFL-in hərdən 1-2-2, ara-sıra 1-3-1, bəzən də 2-2-1 taktikasından istifadə etdiyinin şahidi olarıq.
 
Futbol azarkeşlər üçün oynanılan idman növüdü. Azarkeşsiz futbolu isə insan heç təsəvvür belə etmək istəmir. Düzdü, təsəvvür etmək istəməsək də, yaşamağa məhkumuq. Ölkə klublarından "Xəzər Lənkəran"ı nəzərə almasaq, digər komandaların oyunlarında stadiona heç min nəfər azarkeş gəlmir. Azərbaycan vətəndaşının orta aylıq əmək haqqısı 200-300 manat olduğu üçün, hər kəs öz çörəyinin dalınca qaçır. Cümə gününə təyin olunan oyunlar isə istər region təmsilçilərini, istərsə də Bakı klublarını dəstəkləməyə gələn azarkeşlərin qarşısını alır. Bu halda futbol azarkeş üçün artıq ikinci plana keçir.
 
Geridə qalan 12-ci və13-cü turlara nəzər salsaq, görərik ki, qarşılaşmaların biri cümə, ikisi şənbə, qalan iki matç isə bazar günü baş tutub. Qarşılaşmaların günorta saatlarında keçirilməsini nəzərə almasaq, bu addımı hardasa  təqdirəlayiq hesab etmək olar. Ancaq 14-cü turda nədənsə yenidən taktika dəyişməli oldu. Bu dəyişikləri bəzən televiziya kanallarının yayım proqramı ilə əlaqələndirsələr də, bir çox vacib qarşılaşmaları TV-nin yayımlamadığını da bilirik. Elə 14-cü turun son oyunu olan "Qarabağ" – "Rəvan" (0:0) matçı kimi.
 
Bundan başqa, ötən turun 3 oyununun cümə gününə salınması da başadüşülən deyildi. Qarşıda yığmanın toplanışı da yox idi ki, bu qurum milli komandanı bəhanə etsin. Əksinə, yığmaların oyunları olmuşdu və futbolçuların daha yaxşı istirahəti üçün matçların əksəriyyəti şənbə və bazar günlərinə salınmalı idi. Amma PFL nisbətən maraqsız oyunları cümə gününə salıb 2 liderin hərəsi üçün bir gün ayırdı. Əcəba, niyə? Hansı əsasla? Öz maraqlarınızmı var?
 
Düzdü, PFL bunu oyunların canlı göstərilməsi ilə əsaslandıra bilər. Amma gəlin görək cümə matçlarının neçəsi efirə getdi ki, onları həftəsonuna saxlamaq mümkün olmadı? Və ya bir gündə iki matçı yayımlamaq bu qədərmi çətindi? Onsuz da matçları fərqli vaxtlara salmaq olar da…
 
Çempionat təqviminin belə baş-ayaq olması isə istər-istəməz şühbhə yaradır. Hazırda liderlər sırasında mübarizə aparan "Qarabağ" və "Neftçi" arasında gərgin mübarizə gedir. Bu gərgin mübarizənin nəticəsidi ki, liderlərdən biri nə qədər çalışsa da, digərindən can qurtara bilmir. Bəlkə də buna imkan verilmir. "Qonşuluq münasibətləri" o qədər “səmimi” qurulub ki, biri digərinin xal itirməsinə nədənsə, göz yumur. Həm də PFL-in tərtib etdiyi təqvimin sayəsində bir-birinin xal itirməsindən xəbərdar olduqları halda… Elə son turdakı kimi.
 
Görünür kimlərinsə futboldan çox təqvimlə oynamaqdan xoşu gəlir. Maraqlıdı, bu, təqvimlə oynamaq və liderlik uğrunda mübarizə aparan komandalardan birinin hesabının əvvəlcədən bilmək nəyə və kimə xidmət edir? Bu suala cavab tapmaq isə bir o qədər də çətin deyil. Çox möhtəşəm ssenari əsasında təşkil olunmuş bu mübarizədən görünür, hər iki klubla yanaşı, PFL də məmnundu.
 
EMİN SƏFƏROV
 
P.S.: Şübhələrin artığı bir məqamda PFL 15-ci turda "Neftçi" və "Qarabağ"ın oyunlarını eyni günə təyin edib. Ən maraqlısı isə ondan ibarətdi ki, nə "Neftçi", nə də "Qarabağ"ın oyunları televiziya vasitəsilə canlı yayımlanacaq.
Shares: