Premyer Liqanın 15-ci turunda "Sumqayıt" öz meydanında "Neftçi"ni qəbul edəcək. "Ağ-qaralar" həmin görüşlə bağlı fərqli hazırlıq görür. Belə ki, paytaxt təmsilçisi bəzi futbolçuların oynamasından narazıdı.
"Neftçi" tərəfi "Sumqayıt"da icarədə olan 2 futbolçusu – Slavik Alxasov və Ruslan Qurbanov qarşılaşmada forma geyməsinə etiraz edir. Halbuki 3 mövsümdü paytaxt təmsilçisi elitanın autsayderinin qarşısına belə bir tələb qoymurdu. Hətta komandalar arasında cari mövsümdə keçirilən ilk görüşdə Alxasov və Qurbanov "kimyaçılar"ın uğuru üçün tər töküb.
“Neftçi”nin yatıb-yatıb indi ayılmasının səbəbi var. Ötən oyunlarda buna etiraz etməyən bakılılara birinci dövrədəki 0:0 dərs olub. Bundan başqa, “Neftçi”nin ciddi kadr problemləri də rəqibin zəiflədilməsi planına təsir edib. Flavinyo, Mahir Şükürov, Denis Silva kimi aparıcı oyunçular cəza səbəbindən bu matçı buraxacaq. Üstəlik, cəza həddində olan Bruno Bertuççi “Qarabağ”la oyuna qorunmaq səbəbindən forma geyməyə bilər.
Məsələ ilə bağlı "Gənclik şəhəri" təmsilçisinin mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov futbolinfo.az-a bunları bildirdi: "Futbolçuların oynayıb-oynamayacağı haqda danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar müsbət nəticələnər və "Neftçi"nin icarə əsasında bizdə oynayan futbolçuları həmin görüşdə forma geyər. İlk oyunda sözügedən futbolçular meydana çıxmışdı. Bu da qarşı tərəfin rəsmi icazəsi əsasında baş tutmuşdu".
3 mövsüm davam edən “adət”in pozulmasını istəyən "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə məsələni bu cür izah etdi: "Bizim həmin futbolçularla müqaviləmiz var. Onların icarə müqaviləsində də qeyd olunub ki, adı çəkilən futbolçular bizə qarşı forma geyməsin. Düzdü, ilk oyunumuzda onlar meydanda olub, lakin bu dəfə buna etiraz edirik. Yəni, əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə onların oynamasına razılıq verməyəcəyik".
Sonda isə maraqlı məqamla bağlı Peşəkar Futbol Liqasının (PFL) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin fikirlərini diqqətinizə çatdırırıq: "Bizim PFL olaraq bu məsələyə qarışmağa ixtiyarımız yoxdu. Klublar qarşılıqlı razılaşma əsasında məsələni həll etməlidi. Əgər müqavilədə göstərilibsə, futbolçular oynaya bilər. İlk oyunda bu futbolçular "Neftçi"yə qarşı top qovmuşdu. Təbii ki, bu da rəsmi icazə əsasında razılaşdırılır".
İstənilən halda bu məsələdə söz sahibi “Neftçi”di. Onlar icazə verməsə, bu 2 futbolçu qarşıdakı turda oynaya bilməyəcək və bu, bakılıların haqqıdı. Ancaq…
…Ancaq çox etibarlı mənbədən aldığımız bilgiyə görə, paytaxt kubu bu müqavilədən təzyiq vasitəsi kimi istifadə edir. Bunu şantaj da adlandırmaq olar. Məsələ ondadı ki, “Sumqayıt”ın maliyyə problemlərini həll edən sponsorun – ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevdi. O isə həm də AFFA Apellyasiya və Ekspert Komitəsinin rəhbəridi. Hansısa klubun rəhbərinin assosiasiyada klublarla bağlı bir qurumda çalışması anormallıqdı və bu məsələyə tezliklə qayıdacağıq. Bu gün üçün maraqlı olan məqam isə ondan ibarətdi ki, “Neftçi” Flavinyonun cəzasının azaldılması və onun “Qarabağ”la oyunda oynaması üçün çalışır. Bu baxımdan “Neftçi”nin apellyasiya şikayətini yalnız Muxtar Babayevin rəhbəri olduğu AFFA Apellyasiya və Ekspert Komitəsi təmin edə bilər. “Neftçi” indi 2 futbolçuyla bağlı məsələni qaldırmaqla “Sumqayıt” rəhbərliyini şantaj edir: ya Flavinyoya güzəşt edin, ya da bizim oyunçular sizin heyətinizdə oynamayacaq.
Bizə hadisələrin gedişini izləmək qalır. Flavinyo bağışlansa, Slavik Alxasovla Ruslan Qurbanov əvvəlki matçlarda olduğu kimi “Neftçi”yə qarşı oynayacaq. Əks halda…
RÖVŞƏN ƏHLİMANOĞLU





