"Kəpəz” fanklubunun prezidenti Elmar Əliyev Azərbaycan, bəlkə də, dünya futbolunda yeniliyə imza atıb. Futbolinfo.az xəbər verir ki, azarkeşi olduğu komandanın son dövrlər uğursuz çıxışından təngə gələn Əliyev başçılıq etdiyi fan-klubdan istefa verib.
O, bu barədə facebook profilində status da yazıb. Gəncə futbolunun böyük fanatı prezidenti olduğu fan-klubun buraxıldığını da bildirib: “Mən bu məğlubiyyətlərə dözə bilmirəm! Nə qədər ağlamaq olar? “Kəpəz”i çox istəyirəm, amma daha dözmək çətindi. Sabah klub rəhbərliyi ilə görüşüb, sözümü onlara deyəcəm”.
Elmar könül verdiyi komandanın son yenilgisinə də öz münasibətini açıqlayıb və sərt ismarıçlar verib: “Yenə uduzdular. Ayıb olsun! Sonra da deyirlər, "hakim “Kəpəz”i uduzdurdu". İndi nə oldu? Əvvəllər oyunçular vardı, katlet-çörək yeyib çempion olurdular. Amma bunlar komandanı yaşatmırlar. AFFA daha nə etməlidi? “Kəpəz”i yaşatdılar, bunlarsa öldürdülər. Maaşı da normal alırlar, sonra da deyirlər kluba baxan yoxdu. Baxan var, amma onlar öz keflərindədilər. Ayıbdı, özünüzə qiymət vermirsiz, heç olmasa azarkeşləri ağlar qoymayın. Bu, belə getməyəcək, biz azarkeş olaraq daha nə qədər sakit durmalıyıq, kimə lazımdı belə futbol"?





