Futbol azarkeşləri ötən həftəsonu Premyer Liqanın növbəti turunun şahidi oldu. Bu oyunlardan birinə şahidlik etmək üçün mən də Zaqatalaya yollandım. Maraqlı gəzintini oxucularla bölüşmək qərarına gəldim.
Bir gün əvvəl…
Noyabrın 29-da Jurnalistlərin Həmrəylik Kuboku turnirində matçımız olduğundan işə günorta gəldik. Adəti üzrə işlədik, işlədik və evə getmək vaxtı gəlib çıxdı. Hamı kimi mən də evə yollandım. Mənzil başına çatıb yır-yığış etdikdən sonra evdən çıxdım. Saat 21:15-də bilet aldığım qatar Balakənə yola düşəcəkdi.
Artıq 21:00-da vağzala çatmışdım. Əvvəlcə biletimi göstərib vaqona rahat minsəm də, özümə yer tapa bilmirdim. Səbəb isə çox sadə idi. Yerimdə qadınlar əyləşdiyindən "bura mənim yerimdi" deyə bilmədim. Nəhayət, bələdçinin köməyi ilə öz yerimə qovuşa bildim. Məni isə uzun yol gözləyirdi. Plan üzrə səhər saat 10:00-da Zaqatalaya çatmalıydım. Gecə boyu gözümü yuma bilmədim. Qatarın isti, səssiz olmasına baxmayaraq, bir dəqiqə belə olsun yatmadım. Problem isə qatarda yox, sərnişinlərdə idi. Qəribə qoxunun olduğu bir yerdə yatmaq müşkül məsələ idi. Ətrafa baxa-baxa Ucara çatdım. Burada 20 dəqiqəlik fasilədən sonra yola davam etdik. Bir xeyli ətrafı seyr etdikdən sonra vaqona incə bir səs yayıldı. "Zaqatalada düşənlər gəlsin" deyiləndə özümü vaqondan “çölə atdım”…
İlk görüşdə Zaqatala
Zaqatala torpağına ilk dəfə ayaq basırdım. Təmiz havası elə vağzalda insana "gəl-gəl" deyirdi. Dağların əhatəsində yerləşən bu şəhərin sərinliyi adamı bir az üşüdürdü. Şəhərin istənilən nöqtəsindən başı qarlı dağları görmək mənə xüsusi zövq verirdi. Gözəl mənzərədən başqa günəşli hava da gəzinti həvəsini artıran amillərdən idi.
Buranı tanımadığımdan məni İnqilab dayı qarşıladı. “Simurq”un sadiq fanatlarından olan Soltanov məni evə, çay süfrəsinə dəvət etdi. Xanımıyla birgə zaqatalalıların qonaqpərvərliyini göstərən bu ailədə insan özünü yad hiss edə bilmirdi. Daha sonra "Simurq"un "Yenilməz Batalyon" adlanan azarkeş qrupunun rəhbəri Maqsud Xeyrulla və Yusif Abbaszadə də bizə qoşuldu. Bir az söhbətləşdikdən sonra İnqilab dayı "gedək, buranın gözəl yerlərini gəzdirim" dedi. Oyunun başlamasına saatlar qaldığından bu təklifə “yox” deyə bilmədim.
İstiqamət Car kəndinə idi. Car Zaqatalanın sərin və şəhərə yaxın bir kəndi olduğundan populyar yerlərdən sayılır. Həqiqətən də Qafqaz dağlarının ətəyində, çayın kənarında və meşəlikdə yerləşən bu kənddə istirahət etməyin yeri başqadı. Yolumuzu dağların ətəyindəki "Ləzzət" restoranından saldıq. Bir neçə saat burada əyləşib söhbətləşdik. Zaqatala klubunun ağsaqqal azarkeşi olan İnqilab dayı çay içə-içə xatirələrindən danışdı. Şirin söhbət əsnasında aclıq bizə güc gəldi və qarnımız doyandan sonra yenidən stadiona üz tutduq.
… və yenidən Bakıya
Artıq Zaqatala gəzintim və "Simurq" – "Qarabağ" oyunu başa çatmışdı. Bu da mənim yenidən Bakıya qayıdacağımı göstərirdi. Stadiondan ayrıldıqdan sonra Zaqatala klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məni komandanın qaldığı məkanı gəzməyi təklif etdi. İnqilab dayı və Maqsudla sağollaşıb bazaya üz tutdum. Avtobus saat 22:00-da yola düşəcəyindən hələ vaxtım vardı. Artıq hava qaralmışdı, yeməkxanaya daxil olanda futbolçuların şam etdiyininin şahidi oldum. Bir az komandanın bir neçə üzvü ilə söhbət etdikdən sonra yenidən çay içməyə qərar verdik. Boş vaxtımızı çayla keçirdikdən sonra avtovağzala üz tutduq.
Artıq saat 22:00 və avtobus Bakıya doğru istiqamətləndi. Yorğun olduğumdan avtobusda yatacağımı bilirdim…
RÖVŞƏN ƏHLİMANOĞLU, Bakı – Zaqatala – Bakı





