Topaz Premyer Liqası bəlkə də dünyanın ən maraqlı, qalmaqallı, mübahisəli çempionatıdı. Çempionatın hər ötən turunda qalmaqal yaşanmasa, bunu sensasiya hesab etmək olar. Bəzən elə hallarla rastlaşırıq ki, üstündən sükutla keçmək olmur. Daha doğrusu, fərqli münasibət, fərqli yanaşma tələb olunur.
 
Acınacaqlı məsələlərdən biri də milli çempionatda iştirak edən futbolçuların formalarında ad və soyadlarının yazılışında olan problemlərdi. Çempionatımızı yaxından izləyənlər, klublarımızda futbolçu adlarının yazılmasında hansısa standart olmadığının şahidi ola bilərlər. Görünür, klub rəhbərləri bu məsələyə səhlənkar yanaşır. Belə olmasaydı, formalarda futbolçuların ad-soyadlarının yazılmasına nəzarət etmiş olardılar. Müsahibələrində hər zaman vətənpərvərlikdən dəm vuran və “Azərbaycanın adını qaldırmaq üçün əlimizdən gələni edirik, canımızı qoyuruq” deyənlər heç əməldə bunu sübut etmirlər.
 
Futbolçuların ad və ya soyadlarının yazılmasında bir çox klub ingilis hərflərindən istifadə edir. Söhbət milli çempionatdan gedirsə, deməli, milli dəyərlərimizə də hörmətlə yanaşmalıyıq. Çempionatda iştirak edən legioner futbolçularımızı da buna məcbur etməliyik. "Qəbələ"də çıxış edən Nizami Hacıyev formasının arxasında “Nizi” yazdırmaqla legionerlərə pis nümunə olmamalıdı. Belə çıxır ki, gələcəkdə "İnter"in müdafiəçisi Brüs Abdulaye kürəyinə "Brus Li" yazdıranda kimsə ona qarşı çıxa bilməz.
 
Söhbət heç də yalnız kiminsə adının qısa və ya əzizləmə formasında yazılmasından getmir. Klublarda bununla bağlı konkret standartlar olmalıdı. Düzdü, bu iş PFL səviyyəsində tənzimlənsə, daha yaxşı olar. Deyək ki, konkret tələb qoyula bilər ki, Türkiyədə olduğu kimi yalnız adlar və ya Avropa ölkələrində olduğu kimi soyadlar yazılsın. Ancaq belə tələb yoxdusa da, bu, o demək deyil ki, klublar özünü gülünc vəziyyətdə qoymalıdılar. Məsələn, “Rəvan”da yalnız futbolçuların adı, “İnter”də isə soyadı yazılır. Ancaq digərlərində kefi istəyən formasına daha urəyincə olanı həkk etdirir. Məsələn, “Xəzər Lənkəran”da Rahid Əmirquliyev fanatlarına özünü adı, digərləri isə soyadı ilə sevdirir və s. Mənzərə isə acınacaqlı alınır: “Rahid topu Ramaldanova ötürür, o isə M.S.Tounkaranı zərbə mövqeyinə çıxarır. A.Silva daha yaxşı mövqedə olsa da, o, B.Zohairə də məhəl qoymadan zərbə vurur”.
 
“Neftçi” və “Qarabağ”da isə vəziyyət daha pisdi. Bu komandalarda futbolçuların tanıtması öz dilimizdə göstərilmir. Məsələn, Rəsad RASHAD, Fərhad FARHAD, Şükürov SHUKUROV kimi yazılır. Bu isə birbaşa dilimizə, əlifbamıza hörmətsizlikdi.
 
Bu məsələdə PFL ümumi bir standart tətbiq edə bilərmi? Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev futbolinfo.az saytına sözügedən məsələ ilə bağlı bunları deyib: "Futbolçuların formalarında adlarının yazılması bu ildən gündəmə qəlib. İndiyə kimi əsasnamədə bununla bağlı bir maddə yoxdu. Hər hansı bir şey ilk dəfə tətbiq olunursa, onun həyata keçirilməsində müəyyən çətinliklər olacaq. Əsasnamədə belə bir şey yazılıb ki, komandalarımız futbolçuların adını, soyadını və ya təxəllüsünü yazsın. Əsasnamədə qeyd olunmayıb ki, futbolçuların adları ingilis hərflərilə yazılmalıdı. Bu, sırf klubların ixtiyarına buraxılmış məsələdi. Hansı klub istəyər adını, istəyər soyadını və ya təxəllüsünü yazar. Klublarımız Avropa miqyaslı yarışlarda iştirak edəndə adlar ingilis dilində yazılmalıdı. "Qəbələ"nin yarımmüdafiəçisi Nizami Hacıyevin formasının arxasında Nizi yazılırdı. Bu, oyunçunun öz istəyindən asılıdı. Ancaq bu, tətbiq olunsa, Avropa miqyaslı yarışlarda iştirak edəcək komandalarımız üçün çətinlik yaradacaq. Klublarımızın əlavə formaları olmalıdı ki, milli çempionatda iştirak edən zaman futbolçuların ad və ya soyadlarını Azərbaycan dilində yazsınlar. Öz dilimizdə yazılsa, daha yaxşı olardı. Buna kimisə məcbur edə bilmərik. Hazırda heç bir kluba bununla bağlı nəsə şərt qoymamışıq ki, onlardan nəsə tələb edək".
 
Formalardakı bu özbaşınalığı yalnız avrokuboklara çıxan klublarımızın problemlə üzləşməməsilə əlaqələndirmək əslində düzgün deyil. Bu, yalnız 4 klubumuzu dilemma qarşısında qoya bilər. Amma Avropada çıxış edən bir klub avrokuboklar üçün ayrı, milli çempionat üçün ayrı forma hazırlatdıra bilməyəcək qədər aciz olmamalıdı. Yaxud aparıcı klublarımız o qədər imkansız da deyil ki, buna nail ola bilməsinlər. Yalnız onlara görə elitanın bütün klublarının forma adları ilə bağlı ağıllarına gələn kimi davranmasına imkan vermək olmaz. Ən azından doğma ANA DİLİmizə hörmət naminə! Bu, inkişafını arzuladığımız Premyer Liqamızdakı nizam-intizamı möhkəmləndirmək, onun nüfuzunu qaldırmaq baxımından da çox vacibdi. Bunun əhəmiyyətini futbol başbilənlərimizin də başa düşməsi pis olmazdı.
 
EMİN SƏFƏROV
Shares: