1986-cı il və Dieqo Armando Maradona. Bu tarix futbol azarkeşlərinə çox yaxşı tanışdı. Həmin il Maradonanın dünya çempionatının 1/4 finalında İngiltərə yığmasının qapısından əllə keçirdiyi top sayəsində Argentina yığması indi də dillərdən düşməyən qələbəyə nail olmuşdu. Səbəbkarın özü isə hakimin hesaba aldığı həmin topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirmişdi.
 
Bu dəfə oxşar hadisə Topaz Premyer Liqasının 15-ci turunda, daha dəqiq desək, "Sumqayıt" – "Neftçi" qarşılaşmasında baş verdi. Ancaq bu dəfə "Sumqayıt"ın hüçümçusu Nurlan Novruzov topu qapıdan "tanrının əli" ilə yox, öz əli ilə keçirdi. Kobud hakim səhvləri ilə yadda qalan matçın ilk hissəsinin sonlarında "kimyaçılar"ın hüçumçusunun vurduğu bu mübahisəli qol oyunu idarə edən FİFA referisi Fariz Yusifovun Hakimlər Komitəsi tərəfindən cəza almasını şərtləndirir.
 
Bu arada səbəbkar özü həmin qollar bağlı fikirlərini açıqlayıb. Novruzov futbolinfo.az saytına açıqlama verərək, həmin epizoda münasibətin bildirib:
 
"Oyun başa çatdıqdan sonra "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç mənə yaxınlaşdı ki, qolu əllə vurdun. Ona dedim ki, ola bilər, mən də dəqiq bilmirəm. Matçdan bir gün sonra həmin anın təkrarına baxanda gördüm ki, başım rəqib futbolçu Karlos Kardosonun başına dəyib. Həmin an topu qapıdan əllə keçirdiyimə özüm də şübhəli qaldım. Elə bildim ki, qolu başla vurmuşam. Topu başla vurmaq istəyirdim, ancaq əlimə dəyib qapı xəttindən keçdi. Maraqlı qol alındı. Vurduğum qol onun qoluna bənzəsə də, Maradona kimi futbol dahisi ilə məni müqayisə etmək düzgün deyil. Adımın futbol əfsanəsi, Maradona ilə hallanması məni sevindirdi. Futbolu daha da çox sevməyə başladım. Gələcək karyeramda uğur qazanacağıma inanıram".
 
Qeyd edək ki, "Sumqayıt" – "Neftçi" qarşılaşması 2:1 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatmışdı.
Shares: