Son iki gündə vergilər naziri Fazil Məmmədovun "Şəmkir"i himayəsinə götürəcəyi ilə bağlı yayılan xəbərlər tam əsaslıdı. Futbolinfo.az xəbər verir ki, hələ bu yay Məmmədovun kluba sahib çıxacağı gözlənilirdi.
 
Lakin müəyyən səbəblər bunu əngəllədi. Aldığmız xəbərə görə, həmin vaxt rayonda aparılan geniş miqyaslı quruculuq-abadlıq işləri buna mane olub. Şəmkirin müasirləşməsi istiqamətində görülən işlər həm də bu rayonun kuratoru olan nazirin başını qatıb. Yeri gəlmişkən, Məmmədov əslən bu rayondandı və hazırda onun qohumları burada yaşayır.
 
Onu da bildirək ki, eyni zamanda üç federasiyaya – velosiped, otüstü hokkey və güləşə himayədarlıq edən Fazil Məmmədov futbola da maraq göstərir. Hələ 10 il bundan öncə kluba sponsorluq etmək istəyən nazir həmin vaxt komandanın o vaxtkı sahibi, icra başçısı Aslan Aslanovla razılaşa bilməmişdi. Aslanovun kənd təsərrüfatı nazirliyinə müavin yollanmasından sonra isə maliyyə dəstəyi olmayan "Şəmkir" komandası dağılmışdı. Məmmədov həmin dövrdə yenidən komandaya sahib çıxmaq istəsə də, rayon stadionunun özəlləşdirilib dolayısı ilə Aslanovun əmlakına çevrilməsi nazirin istəyinin növbəti dəfə alınmaması ilə nəticələnmiş, son nəticədə isə Şəmkirdə ayrı arena olmadığından Məmmədov geri çəkilməli olmuşdu.
 
Söz yox ki, rayon stadionu yenə Aslan müəllimə yaxın insanların əlindədi və baxımsızlıqdan əziyyət çəkir. Amma artıq iki ildi ki, rayonda Olimpiya İdman kompleksi tikilib istifadəyə verilib və idman qurğusunun balansında stadion da var. Məhz yerli komanda hazırda oyunlarını burda keçirir. Deməli, vergilər nazirinin komandanı ələ keçirməsində daha problem yoxdu.
Shares: