Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Rəvan" doğma divarlar arasında "Qaradağ Lökbatan"ı qəbul etdi. Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilçisi bu qarşılaşmada 5:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanan tərəf oldu.
Bu qarşılaşma baş məşqçi Şahin Diniyev üçün əlamətdar olub. Belə ki, Diniyev 8 illik fasilədən sonra qələbə sevinci yaşamış olub. Yerli mütəxəssis baş məşqçilik dönəmində sonuncu qələbəsini "Gəncə"yə başçılıq edərkən MOİK üzərində qazanmışdı – 3:0. 2005-ci ilin dekabr ayının 18-nə təsadüf edən həmin görüşdən sonra bu mütəxəssis milli birinciliklərdə qələbə sevinci yaşamamışdı.
"Bayıl Arena"da keçirilən görüş "Rəvan" üçün də yadda qalan olub. Komanda sonuncu dəfə Topaz Premyer Liqasının 5-ci turunda "Sumqayıt" üzərində qələbə qazanmışdı – 1:0. Bir sözlə, "aslanlar" 95 günlük fasilədən sonra qələbə sevinci yaşamış oldu (31.08.2013).
Sonda onu da vurğulayaq ki, Diniyev bu illər ərzində yığma səviyyəsində, Rusiyada çalışdığı dövrlərdə qələbələr qazanıb. Təqdim etdiyimiz statistika isə onun onun yalnız Azərbaycanda klub səviyyəsində qazandığı qələbələrlə bağlı idi.





