Premyer Liqanın 15-ci turunda keçirilən "Sumqayıt"la qarşılaşmadan sonra "Neftçi"nin futbolçusu Flavinyonun AFFA-nın İntizam Komitəsi tərəfindən bağışlandığı açıqlandı. İki oyunluq cəzalanan braziliyalı futbolçunun cəzası bir oyuna endirildi və Sumqayıtda meydana çıxmadığından cəzası başa çatdı. Beləliklə, Bakı klubunun aparıcı üzvü çempionluğa iddialı "Qarabağ"la oyunda meydana çıxa biləcək.
Bu xəbəri eşidən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov dərhal buna reaksiya verdi. Azərbaycan Kubokunun 1/8 final mərhələsində AZAL-la qarşılaşmadan sonra jurnalistlər önünə çıxan Qurbanov ilk dəfə qəzəbli şəkildə danışdı: "Neftçi" lazımi anda tədbir görür və və onların lehinə qərarlar qəbul olunur. Tendesiya deməzdim. Mən də istəməzdim ki, komandama qırmızı vərəqə verilsin və bu, ləğv olunsun. Sabah eşitsəm ki, başqa futbolçu bağışlanılıb, yenə də təəccüblənmərəm. Qanun qanundu. Oyundan sonra qol ləğv olunmursa, vərəqələr də ləğv olunmamalıdı".
Qurbanovun qəzəbli açıqlamasına qarşı tərəfin də mövqeyini öyrəndik. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov futbolinfo.az saytına verdiyi açıqlamada yerli mütəxəssisə minnətdarlığını bildirib: "Qurban Qurbanova hörmətimiz var. Onun fikirlərindən belə məna çıxır ki, "Neftçi" tərəfi həmişə öz haqqını müdafiə edə bilir. Bizə verdiyi bu qiymətə görə "Neftçi" rəhbərliyi adından Qurban müəllimə təşəkkür edirəm".
Burada bir məqam diqqəti çəkir. Görəsən, Süleymanovun bu "minnətdarlığı" kinayədi, yoxsa doğrudan da Qurbanovu bu açıqlamasına görə qətiyyən qınamır: Əgər doğrudan da sonuncu versiya doğrudusa, tərəflərin bir-birinə olan hörməti oyundan sonra da davam edəcəkmi?





