"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Azərbaycan yığmasına başçılıq edə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestia" nəşri məlumat yayıb.
 
Məlumatda bildirilir ki, rusiyalı mütəxəssis artıq bununla bağlı təklif də alıb. Amma bu informasiyanın nə dərəcədə həqiqətəuyğun olub-olmadığı bilinmir.
 
Rusiya mətbuatına açıqlamasında 66 yaşlı məşqçi bunları dilə gətirib: "Hazırda fikirlərimi "Qəbələ"dəki işimə yönəltmişəm. "Qarabağ" və "Neftçi" ilə liderlik uğrunda mübarizə aparırıq. Azərbaycan çempionatının səviyyəsi xeyli yaxşılaşıb. İnfrastruktura yatırılan investisiyalar və futbol baxımından səviyyə çox yaxşıdı. Bura keyfiyyətli futbolçular və tanınmış məşqçilər gəlir. Hesab edirəm ki, Rusiya və Ukraynadan sonra keçmiş Sovet məkanında üçüncü yerdə Azərbaycan çempionatı dayanır".
 
Rusiyalı mütəxəssisin agenti Dmitri Selyuk isə xəbəri təkzib etməyib: "Syominə AFFA-dan başqa klublardan da təklif gəlib. Bu cür mütəxəssisə qiymət vermək lazımdı. Syominin hazırda çalışdırdığı komanda çempionluğa iddialıdı. Əgər millidə çalışmaq təklif olunarsa, bu, məşqçi ilə müzakirə olunacaq".
 
Qeyd edək ki, AFFA-nın Berti Foqtsla olan müqaviləsinin müddəti başa çatıb. Alman mütəxəssislə yeni müqavilənin imzalanıb-imzalanmayacağına isə dekabrın 18-də qərar veriləcək. Həmin gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və baş məşqçi məsələsi ilə bağlı yekun qərar qəbul olunacaq.
Shares: