"Neftçi" son turda "Qarabağ"a məğlub olaraq liderliyi əldən verdi. Bakı təmsilçisi artıq 3-cü pillədə qərarlaşıb. "Xalq komanda"sı son 3 turda 2-ci ağır məğlubiyyətini aldı. Sadıq Sadıqovun başçılıq etdiyi klubda problemlərin olduğu açıq-aşkar görünür. Bu yazıda bir neçə problemə toxunmaq istərdik. Sadalayacağımız problemlər isə heyətlə bağlıdı.
Rəqibsiz Saşa
"Neftçi"nin qapısını Saşa Stamenkoviç qoruyur. Saşanın arabir etdiyi dəcəllikləri nəzərə almasaq, serb qapıçı Bakı klubu üçün yaxşı seçimdi. Paytaxt klubunun heyətinə yayda qoşulan Pavel Doroşevin vəziyyəti isə ürəkaçan deyil. Doroşev əsas heyətdə ilk şansını Premyer Liqanın 13-cü turunda "Bakı" ilə qarşılaşmada qazanıb. Həmin oyunda Stamenkoviç "qırmızı" alaraq, meydandan qovulmuşdu. Saşanın cəzası səbəbiylə latviyalı əlcək sahibi cari mövsümdə bir dəfə start heyətdə meydana çıxıb ki, bu da Premyer Liqanın 14-cü turuna təsadüf edir. "İnter"lə səfər qarşılaşmasında Pavel qapısında 3 qol görmüşdü. Bir zamanlar "Qəbələ"nin də formasını geyinmiş qapıçının uğursuz çıxışını nəzərə alsaq, qolkiperin mövsüm sonunda "Neftçi" ilə yollarını ayırması gündəmə gələ bilər. Çünki qapıçının klubla müqaviləsinin müddəti yayda başa çatacaq. Bu isə Saşanın inkişafına mane ola biləcək amildi. Əsas heyət uğrunda rəqabət olmadığından Stamenkoviçin də rahat olacağını qeyd etmək olar. Artıq "ağ-qaralar" indidən yeni qapıçı axtarışına çıxsalar, pis olmaz. "Neftçi"nin qapısında böyük problem olmadığından müdafiə haqda danışmağa dəyər.
Qocaman müdafiə
İlk baxışdan İqor Mitreski, Bruno Bertuççi, Mahir Şükürov, Karlos Kardoso, Denis Silva, Tərlan Quliyev və Elvin Yunuszadənin olduğu mövqedə problemin olmadığı görünür. Amma demək olar ki, komandanın ən böyük problemi elə müdafiədədi. Təcrübəli futbolçulardan təşkil olunmuş müdafiə xəttində çatışmayan cəhətlər "göz oxşayır". Qocamanlardan təşkil olunmuş arxa xətdə demək olar ki, Yunuszadə və Quliyevin iştirakı nəzərə çarpmır. Bu iki futbolçu və Bertuççi (23 yaş) istisna olmaqla komandanın müdafiə xəttinin yaş həddi də maraq doğurur – 28 (Denis Silva), 29 (Kardoso), 31 (Mahir Şükürov) və 34 (İqor Mitreski). Nazim Süleymanovun bu müdafiə ilə uzun müddət qorunacağını demək olmaz. Bir məsəl var: Uşağın dərisi üşüyür, gəncin əti, qocanın sümüyü… Artıq bu futbolçuların "sümüyü üşüyür". Denis artıq əvvəlki qədər etibarlı təsir bağışlamır. Kardoso oyunun daha çox hissəsini hücumda keçirdiyindən müdafiəni yaddan çıxarır. Mitreski artıq karyerasının qürub çağlarını yaşadığından "Neftçi"yə istəniləni verə bilmir. Elvin isə ona bəslənilən ümidləri doğrultmur. Bu üzdən komandaya ən azı 1 yaxşı mərkəz müdafiəçisinin alınması qaçılmazdı.
Flavinyodan asılı yarımmüdafiə…
Pleymeykeri Cavid İmamverdiyev olan komandanın yarımmüdafiəsindən danışmasan olmaz. Azarkeşlərin "boş qapı kralı" adlandırdığı Cavidlə bundan irəli getmək olmaz. Deməli rəhbərlik indidən Cavidin alternativini axtarmalıdı. Rəşad Sadiqov isə… Böyükağa Hacıyev baş məşqçiliyi dövründə "Rəşad layiqli oyun göstərmir, onu niyə komandada saxlayırsız?" sualına belə cavab vermişdi: "Rəşad hərdən elə ötürmə edər, elə qol vurar ki, həmin ötürmə və ya qol oyunun taleyini həll edər". Doğurdan da Rəşad Hacıyevin dediyi kimi bir futbolçudu. Lakin "Neftçi" çempionluğa və Avropa arenasına iddialıdısa, Sadiqova elə bir alternativ tapmalıdı ki, o da rəqabət hiss etsin, öz üzərində işləsin. Əks halda bu gedişlə yığmamızın da şərəfini qoruyan bu futbolçu getdikcə daha da geriləyəcək. Eyni sözləri az qala komandanın bütün yükünü çiynində daşıyan Flavinyoya da aid etmək olar. Çünki o da hər oyunda start heyətdəki yeri təmin edilmiş futbolçulardandı və demək olar ki, rəqabət hiss etmir. Azərbaycanın gənc və istedadlı futbolçularından sayılsa da, sabit oyun sərgiləməyən, təsadüfi hallarda özündən söz etdirməyi bacaran Araz Abdullayevdə artım gözə çarpmır. Gününü ehtiyatda keçirən Mirhüseyn Seyidov isə arabir son dəqiqələrdə meydana çıxmaqla təsəlli tapır. Halbuki, o, gənclərdən ibarət yığmamızın kapitanıdı və vaxtilə əsas heyətdə daha çox görünən bu futbolçunun indi kölgədə qalması az sual doğurmur. Günahı isə daha çox futbolçunun özündə axtarmaq daha məntiqəuyğun olardı.
… və lazımsız forvardlar
Cari mövsümdə "Neftçi" rəqib qapısından 24 top keçirib. Bu qollardan cəmi 15-i (!) qeyri-hücumçuların payına düşür. Ernest Nfor, Melvin Platye, Emin Mehtiyev və Bahodir Nasimovun təşkil etdiyi hücum xətti isə 16 turda cəmi 9 dəfə fərqlənib ki, bunların da biri penaltidən vurulub. Platyenin uğursuz transfer olması məsələsinə dəfələrlə toxunmuşuq. Nforun cəmi 2 dəfə adını tabloya yazdırması hücumda olan problemlərdən xəbər verir. Komandanın bombardirlər siyahısında olan tək futbolçusu Nasimov cari mövsümdə 5 dəfə fərqlənib. Müdafiəçi (!) Kardoso isə rəqib qapısına 3 dəfə yol tapıb və bu gedişlə "ağ-qaralar"ın bombardiri olmağa əsas namizədlərdən birinə çevrilməkdədi. Əgər komandanın müdafiəçisi rəqib qapısından bombardirə çatacaq qədər top keçirirsə, bu hücum xətti kimə və niyə lazımdı? Deməli, paytaxt klubu ön xətt ilə bağlı təxirəsalınmaz islahatlar aparıb, daha səviyyəli hücumçu transfer etməyə borcludu. Ötən mövsüm Nfor, Platye kimi oyunçular olmadığı halda bu hücum xəttinin lideri olan Nikolas Kanales təkbaşına 26 qol vurmuşdusa, elə onun layiqli əvəzləyicisini tapmaq daha düzgün olmazdımı?
RÖVŞƏN ƏHLİMANOĞLU





