Ötən mövsüm “Simurq”un heyətinə yaxşı təsir bağışlayan Asif Mirili yayda komandadan göndərildi. Daha doğrusu, Zaqatala klubunda icarə əsasında oynayan gənc futbolçu məxsus olduğu “İnter”ə qayıtdı.
Lakin Kaxaber Sxadadze Mirilini əsas komandada görmək istəmədiyi üçün futbolçu “bankirlər”in əvəzedici heyətinə göndərildi. Dünən ad günün qeyd edən futbolçu futbolinfo.az saytına müsahibəsində məhz əvəzedici heyətdəki çıxışından və yenidən Premyer Liqaya qayıtmaq arzusundan danışdı:
– Ötən mövsüm “Simurq”un heyətində özünü yaxşı tərəfdən göstərən Asif Mirili indi “İnter”in əvəzedici heyətində oynayır. Bu, sənə pis təsir etmir ki?
– Əlbəttə, pis təsir edir. Amma formada qalmaq üçün oynamalıyam. Buna məcburam.
– Premyer Liqanın digər klublarından səninlə maraqlanan, dəvət edən var?
– Yox. Hələ ki, heç bir klubdan təklif almamışam. Amma təklif gözləyirəm. Özümü Premyer Liqada yenidən sübut edə bilərəm.
– Yox. Hələ ki, heç bir klubdan təklif almamışam. Amma təklif gözləyirəm. Özümü Premyer Liqada yenidən sübut edə bilərəm.
– “Simurq”da nə üçün qalmadın?
– Qalmağı təklif etmədilər. Bunun səbəbini də bilirəm. Çünki mən qışda zədələndim. Bu zədə üzündən “İnter”in əsas heyətində də möhkəmlənə bilmədim. Ona görə indi əvəzedici komandada oynamaq məcburiyyətində qalmışam. Gərək Azərbaycan futbolunda zədə almayasan. Hansısa futbolçu zədə alırsa, oynaya bilmir. Elə həmişə zədəli kimi baxırlar ona. Zədə almasaydım, hər şey tam fərqli olacaqdı. İndi zədəm yoxdu, özümü formada hiss edirəm. Premyer Liqada yenidən oynayacağıma ümidliyəm.
– Səni “İnter”in əsas heyətinə Kaxaber Sxadadze cəlb etmişdi. İndi heç gəlib oyunlarına baxır və ya səninlə söhbət edib?
– Yox, mənə heç nə deməyib. Heç bir dəfə də olsun, maraqlanmayıb.
– Özün onunla və ya rəhbərliklə danışmağa cəhd etmisən?
– Çempionatın əvvəlində baş məşqçi məni əsas komandada görmək istəmədi. Ondan sonra da elə əvəzedici komandada oynamalı oldum. Sonra heç bir söhbət olmayıb.
– Bir neçə ay əvvəl sənin xaricdə oynaya biləcəyin haqqında söhbətlər gəzirdi…
– Belə bir şey var idi. Amma o da alınmadı. İndi qış fasiləsini gözləyirəm. Ümid edirəm ki, məhz bu transfer pəncərəsi zamanı mənə təklif gələcək. Ya Azərbaycan Premyer Liqasında, ya da xaricdə oynaya bilərəm. Qışda variantlar olacaq. Dəqiqləşsin, sonra bu barədə danışarıq. Başqa təklif olsa, əvəzedici komandadan ayrılacam.
– Premyer Liqa oyunlarını izləyirsən?
– Bəli, baxıram.
– "İnter"lə “Simurq”un çıxışı səni qane edir?
– “İnter” yavaş-yavaş özünə gəlir. Komanda artıq çempionata uyğunlaşa bilib. Yeni oyunçular da özlərini göstərə bilirlər. “Simurq” isə həmişəki kimi oynayır. Amma ötən mövsümlə müqayisədə bu il bir az zəifdilər.
– “İnter” əvəzedicilərin çempionatında liderdi. Sənin fikrincə, bu çempionatın səviyyəsi normaldı?
– Burada oyunlar həm maraqlı, həm də çətin olur. Məqsəd çempion olmaq deyil, əsas komandaya futbolçu yetişdirməkdi. Biz də əsas komandada oynamaq üçün əlimizdən gələni edirik.
ELSEVƏR





