"Qəbələ"nin yarımmüdafiəçisi Amit Quluzadənin futbolinfo.az saytına müsahibəsi
 
– Öncə"Simurq"la oyun haqda fikirlərinizi bilmək istərdik. Komandanız qələbəni son saniyələrdə təmin etdi…
– Çətin oyun olacağını bilirdik. Çox gərgin oyun keçdi. Buna baxmayaraq qələbə qazandıq.
 
– Bu qarşılaşmada siz avtoqola imza atdınız…
– Vallah, nə deyim. Baxımlı qol alındı. Ancaq az qala qızıla bərabər 3 xaldan məhrum olacaqdıq. Yenə də komanda yoldaşlarım sağ olsunlar ki, sonadək mübarizə aparıb qələbə qazanmağımıza kömək etdilər.
 
– Avtoqoldan sonra Elnur Allahverdiyev sizə yaxınlaşıb nə deyirdi? Yaman əsəbi görünürdü…
– Oyunda belə şeylər olur. Bunu normal qarşılamaq lazımdı.
 
– Allahverdiyevin aqressivliyi demək olar ki, hər oyunda özünü biruzə verir. Buna münasibətiniz necədi?
– Futbolda aqressiv olmaq yaxşıdı. Sadəcə, gərək özünü idarə etməyi bacarasan. Elnur da çalışır ki, qələbə qazansın. Onun aqressiv olması bundan irəli gəlir.  
 
– Son turlarda əsas heyətdə o qədər də çox yer almırsız. Buna səbəb nədi?
– "Qəbələ" güclü komandadı. Yaxşı futbolçular var. Heyətə düşmək üçün mübarizə aparmaq lazımdı. Mən də öz üzərimdə çalışıram. Kimin oynayacağına isə baş məşqçi qərar verir.
 
– Baş məşqçi Yuri Syomin sizi ən çox Nizami Hacıyevlə əvəzləyir. Hacıyevin isə qışda "Poqon"a getməsi gündəmdədi. Hacıyevin gedişi sizin işinizə yaraya bilər?
– Vallah, nə deyim? Bunu zaman göstərəcək.
 
– "Qəbələ" hazırda 2-ci pillədədi. Komandanızın qış fasiləsinə lider kimi yollanmaq şanslarını necə qiymətləndirirsiz?
– Hər şey qarşıdakı iki oyundan asılıdı. Çalışacağıq ki, hər iki oyundan qalib ayrılıb ikinci dövrəni lider kimi başa vuraq.
 
– Növbəti turda səfərdə "Neftçi" ilə qarşılaşacaqsız. Bu matça hazırlıq necə gedir?
– Oyuna çox ciddi hazırlaşırıq. Baxmayaraq ki, hər zaman meydan sahibləri qələbəyə yaxın olur. Buna baxmayaraq biz qələbə qazanmağa çalışacağıq. Biz hər zaman meydana qələbə üçün çıxırıq.
 
– "Qarabağ"la oyunda "Neftçi" heç də özünə bənzəmirdi. "Neftçi"nin son turdakı zəif təsir bağıçlaması işinizə nə dərəcədə yarayacaq?
– Hər bir oyun digərindən fərqlənir. İnanmıram ki, "Neftçi" bu dəfə də zəif təsir bağışlasın. Əksinə, onlar "Qarabağ"a məğlub olduqlarına görə bizimlə görüşə daha istəkli çıxacaqlar, qələbə qazanmağa çalışacaqlar.
 
– Sizcə, çempionluq yolunda "Qəbələ"nin əsas rəqibləri hansı klublardı?
– Bu haqda danışmaq  hələ çox tezdi. Hər şeyə 3-cü dövrədən sonra aydınlıq gələcək.
 
EMİN SƏFƏROV
Shares: