İngiltərə futzal liqasının favoriti olan “Bakı Yunayted” komandası 2013-cü ili rekord hesablarla başa vurub. Futbolinfo.az xəbər verir ki, ötən gün İngiltərənin güclü komandalarından biri hesab olunan “Vest London”u 12:2 hesabı ilə məğlubiyyətə uğradan “Bakı Yunayted” futzal liqasının ən güclü klubu olduğunu bir daha göstərib.
“Bakı Yunayted” 2013-2014 İngiltərə futzal liqası mövsümünün 4 ayı ərzində 7 oyun keçirib və bütün oyunlarda böyük top fərqləri ilə rəqiblərini sıradan çıxarıb. Komanda İngiltərədə ən güclü qrup hesab olunan Cənub qrupunda oynayır. Bu qrupun qalibi adətən ölkə çempionluğuna ən real namizəd hesab edilir.
2012-2013 İngiltərə futzal liqasının qalibi olan “Bakı Yunayted” növbəti mövsümdə də çempion titulunu əldə etmək niyyətindədi. Xatırladaq ki, “Bakı Yunayted”in əsas heyətinə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan “Barselona” komandasının müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular daxil edilib. İspaniyalı məşhur məşqçi Çama Himenez komandanın məşq qrafikini gücləndirib.
“Bakı Yunayted” İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı tərəfindən yaradılıb. Komandanın heyətində azərbaycanlılarla yanaşı ispan, portuqal, ingilis, polyak, serb futbolçular da çıxış edir. Klubun prezidenti İlham Nağıyevdi.





