“Qəbələ” 2 gün içində 2 ciddi zərbə aldı. Şənbə günü futbola dəxli olmayan məsələyə görə üzülən əyalət təmsilçisi bazar günü də “Neftçi” tərəfindən sillələndi.
 
Amma Qəbələdəki boks gecəsindəki məğlubiyyət daha biabırçı oldu. Təmtəraqlı mərasim təşkil edən “Qəbələ” Fariz Məmmədovun sayəsində ölkə idmanında qol gücünü nümayiş etdirmək istəyirdi. Gəl ki, planlar qələbənin gətirəcəyi reklam kampaniyasına hesablandığı bir vaxtda peşəkar boksçumuzun seçdiyi səhv taktika bəlkə də şampan partlatmaq üçün yaxınları ilə bilgə görüşü izləməyə gəlmiş klubun faktiki yiyəsi Kəmaləddin Heydərovun da qanını qaraltdı.
 
Beləcə WBO – IBF versiyaları üzrə Avropa kəmərləri uğrunda döyüşdə yerli auditoriyanın alqış sədaları altında səhnəyə daxil olan “Qəbələ”nin boksçusu Fariz Məmmədov almaniyalı Mattias Pelklə bacarmadı. Hətta 12 raunddan ibarət olmalı olan görüş yarımçıq dayandırıldı ki, bu da təmsilçimizin 8 raund duruş gətirməsi ilə bağlı idi. Yerli publika, üstəgəl, ona hər cür dəstək verən insanların gözü qarşısında reallaşan məğlubiyyət Məmmədov üçün fiasko, hətta həbsdə yatdığı günlərdən də acı tarix oldu.
 
Bu mövsüm futbolda həqiqətən iddialı olan “Qəbələ”nin “Neftçi”dən aldığı zərbə daha tutarlı oldu. Mattias Pelkin Farizə vurduğu zərbələr sanki Yuri Syominə dəymişdi. Rusiyalı mütəxəssisin qurduğu taktikanı müzakirə etməyəcəm – bu, onun seçimi idi. Ancaq heyətdə, xüsusilə hücum xəttində güvəndiyi futbolçularla bağlı beynimdə sual işərələri qalıb. Məncə, təcrübəli məşqcının səhv seçimləri nəticəsində “Qəbələ” son günlər təzyiq altında olan, problemlər məngənəsində sıxılan “Neftçi”yə uduzdu.
 
“Qəbələ” bu mövsüm çempionluğa əsas namizədlərdən biridi. Bunda Syominin qurduğu komandanın gücü ilə yanaşı rəhbərliyin maddı dəstəyi ciddi rol oynayır. Hər matç üçün fantastik mükafat verən əyalət klubunun uğurları həm də bununla bağlıdı. Bilmirəm bu, maliyyə feyr-pleyi ilə bağlı standartlara nə dərəcədə uyğun gəlir, ancaq o dəqiqdi ki, ölkə futbolunda qeyri-bərabərlik yaradır. Hətta bu şərtlərin də qarşılığında “Qəbələ” çempion ola bilməsə, deməli, klubu idarə edənlərin bacarıq səviyyəsinə diqqət etmək lazım gələcək.
 
Boks yarışındakı texniki nokautun ardınca gələn ikinci sarsıdıcı zərbəyə gəlincə, xatırladaq ki, Mahir Şükürovun silləsi daha tutarlı alındı. Milli komandada Şimali İrlandiyanın qapısına da məhz “Bakcell Arena”da yol tapan müdafiəçi oxşar qolla həm də “Qəbələ”yə qulaqburması verdi. O, vaxtilə problemlə ayrıldığı əyalət təmsilçisinə lider olmaq üçün böyüməyin lazım oldüğünü usta bir vuruşla göstərdi. Son saniyələrdə gələn qələbə qolu bakılıları rahatlaşdırdısa, bütün iddialılara hər iki oyunda uduzan qonaqları da papağını qabağına qoyub fikirləşməyə məcbur etdi.
Shares: