Külək əsdi, hakim səhv etdi, azarkeşlər stadiona gəlmədi, yiğma uduzdu, futbolçu qol bura bilmədi və s. futbolun içində olan minlərlə hadisə… İstər AFFA olsun, istər PFL, istərsə də klublar – hamısı üçün bir günahkar var. Hamı elə bilir ki, bunun günahı mətbuatdadı. Heç kim özünə baxmaq istəmir, hamı günahı başqasında axtarır.
 
"Bakı" – "Qarabağ" qarşılaşmasından sonra ev sahibi komandanı prezidenti Hafiz Məmmədov da jurnalistlərin suallarını cavablandırarkən eyni cür edib. Verilən sualların birində Məmmədov jurnalistlərdən narazılığını bildirib. Biz isə onun iradlarının nə dərəcədə düzgün olduğunu öyrənmək üçün həmkarlarımıza üz tutduq.
 
Natiq Muxtarlı ("Komanda" qəzetinin redaktoru): "Hafiz Məmmədovun jurnailstlərdən şikayətlənməyə haqqı yoxdu. Azərbyacanda iş adamlarında, oliqarxlarda elə bir düşüncə formalaşıb ki, guya mətbuat bunların dədəsinin nökəridi. Bunlar hansı addımı atacaqlarsa, mətbuat da onu dəstəkləməlidi. Anormal düşüncədi. Mətbuat Azərbaycandan milyonlarla manat vəsaiti İspaniya, Fransa futboluna yatıran Hafiz Məmmədovu dəstəkləməlidisə, onda ayda 100 manat məvacib alan müəllimin, həkimin haqqını kim qorumalıdı? Mən başa düşürəm, ola bilsin ki, Hafiz Məmmədov hesab edir ki, atdığı addım Azərbaycanın mənafeyinə xidmət edir. Amma junalistin də başqa cür düşünmək haqqı var. Məmmədov İspaniyadakı, Fransadakı layihələrinin piarını aparmaq istəyirsə, ən azı Azərbaycan mətbuatı ilə işləməlidi. Bunu da onun komandasında olan şəxslər qurmalıdı. İndi biz neyləyək ki, Məmmədovun komandasında qeyri-peşəkarlar təmsil olunur və onlar mətbuatla əməkdaşlıq edə bilmirlər. Ayda 200-300 manat məvacib alan jurnalistin milyonları İspaniya və Fransaya daşıyan Hafiz Məmmədovu təbliğ etmək kimi öhdəliyi yoxdu. Burada Azərbaycanın adını qabardıb saxta vətənpərvərlik şivəni qaldırmaq da yersizdi. Vətənpərvər iş adamı əvvəlcə rəzil durumda olan Azərbaycan idman mətbuatının inkişafına yardım etməli, sonra da inkişaf etmiş İspaniya, Fransa futbolunun daha da çiçəklənməsinə yatırım qoymalıdı. Azərbaycanın inkişafı onun mətbuatından, təhsilindən başlamalıdı. Hafiz Məmmədov indiyə qədər bu yöndə hansı işi görüb ki, indi jurnalistlərdən küsür?”
 
Amal Abuşov (köşə yazarı): "Baxır hansı jurnalistlərdən narazıdı. Təbii ki, pul payladıqlarından məddahlıq gözləyir".
 
Əli Sahib (Fanat.az saytının baş redaktoru): "Mən Hafiz müəllimin söylədiyi fikirlərlə razıyam. Bizim jurnalistlər Məmmədovun Azərbaycan futbol üçün gördüyü işləri görməyən insanlardı. Hafiz Məmmədov Azərbaycan futbolunu hətta Almaniya, İngiltərə, İspaniya, Fransa və digər yaddan çıxan ölkələrin futbolundan da yuxarılara qaldırıb. Hafiz müəllim Azərbaycan adından Fransanı futbol böhranından çıxardıb. "Lans"ı götürüb, inkişaf etdirir. Sonda "Atletiko"nu da deyə bilərəm. Bizim jurnalistlər niyə bunları görmür? Axı niyə gözlərini yumurlar? Mən inanıram ki, Hafiz Məmmədov qarşıdakı Dünya və Avropa çempionatında Azərbaycan yığmasını çempion edəcək. Niyə bizim jurnalistlər bunu dərk etmir? Həqiqətən Hafiz müəllim Azərbaycan futbolu adına çox böyük işlər görüb. Mən çox danışa bilərəm, amma kövrəlirəm. Ona görə də Hafiz müəllimə “çox sağ ol” deyirəm və jurnalistlərimiz adından üzr istəyirəm. Sizin Hafiz Məmmədovun bizim mətbuata hər ay göndərdiyi çemodanla pullardan xəbəriniz yoxdu. Hafiz müəllim bizim qeydimizə qalır. Allah onu bizim başımızın üstündən əskik etməsin".
 
Rəşad Ergün ("Komanda" qəzetinin baş redaktoru): "Müəyyən mənada var, müəyyən mənada yox. Adam İspaniya, Fransa klublarına böyük məbləğdə pullar tökür, böyük işlər görür və düşünür ki, bütün bunları Azərbaycan naminə edir. Və hesab edir ki, mətbuat da gördüyü işlərə qiymət verməlidi. Amma Hafiz Məmmədovun böyük gözləntiləri olduğu mətbuatın hansı vəziyyətdə olmasından xəbəri varmı? Bax, düyün nöqtəsi budu".
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: