Bu mövsüm Yuri Syominin gəlişindən sonra “Qəbələ” uğurlu çıxışa start verdi. Komandanın çempionluq yarışında yer alması da bunun sübutudu.
Amma hələ ki, komandanın oyun tərzində nəsə bir dəyişiklik və ya özünəməxsus tərz görmək olmur. Sadəcə, komandanın heyətinə rusiyalı təcrübəli mütəxəssis tərəfindən gətirilən futbolçular komandaya güc qatıb. Daniel Subotiç, Leonardo da Silva və Lorenso Ebesilio öz fərdi keyfiyyətləri hesabına çox zaman komandaya qalibiyyət gətirirlər. Xüsusən də braziliyalı 42 nömrə yüksək texniki keyfiyyətləri ilə həm komandasına kömək edir, həm də azarkeşlərin zövqünü oxşayır.
Lakin təbii ki, qarşıda Syominin “Qəbələ”də özünəməxsus oyunu ilə seçilən komanda quaracağı gözləniləndi. Komanda çempionatda 2-ci pillədə qərarlaşsa da, çempionluq yarışında favoritlərdən olsa da, heyətdə bəzi problemlər özünü göstərməkdədi.
Elə ilk problem qapıdadı. Braziliyalı Dieqo Koşta və polşalı David Petrkeviç özünü heç cür sübut edə bilmir. Ötən mövsüm “Simurq”un çempionatda sürpriz etməsində önəmli rol oynayan polşalı çərçivə qoruyucusu “Qəbələ”yə böyük ümidlərlə gətirilsə də, burada istədiyi oyunu sərgiləyə bilmir. Portuqaliyada ad-san qazanan Koşta isə sabitsizliyi ilə diqqət çəkir. Buradan belə qənaətə gəlmək olar ki, Syomin qış fasiləsində komandanın 50 faizini təşkil edən bu mövqeyə daha təcrübəli və inamlı qapıçı axtaracaq.
“Qəbələ”nin müdafiə xəttində də problemlə özünü göstərməkdə davam edir. Türkiyənin “Dənizlispor” klubundan transfer olunan və müdafiənin sağ cinahında çıxış edən Rail Məlikovun zədələnməsi komandaya əməlli-başlı problem yaratdı. Çünki limitə görə legionerlərdən istifadə edə bilməyən Syomin bu mövqeyə müdafiəçi tapmaqda çətinliklərlə üzləşdi. Elə bunun nəticəsi idi ki, “Xəzər Lənkəran”dan qovulan Elnur Allahverdiyev komandaya transfer olundu. Lakin milli komandamızın üzvü limitə görə komandasına kömək etsə də, Məlikovun yeri görünməkdə davam edir.
Arxa xəttin mərkəzində Vladimir Levin və İbrahima Niasse komandaya xeyir verə bilir. Allahverdiyev isə burada daha çox “Xəzər Lənkəran”dan fərqli olaraq, sol cinah müdafiəçisi kimi çıxış edir. Elnurun və ya Levinin komandadan gedəcəyi heç də inandırıcı deyil. Yerli futbolçuya ehtiyac olduğu bir zamanda Syomin onları komandada saxlayacaq. Digər mərkəz müdafiəçiləri Deyan Kelhar və Omar Kalabane isə bu mövsüm gününü daha çox "lazaret"də keçirib. Hazırda zədələrini sağaldıb komandaya qayıdan bu iki futboçu heyətdə demək olar ki, görünmür. Kelhar nadir hallarda meydanda olsa da, Kalaban sonuncu dəfə yalnız 4-cü turda heyətə düşə bilib. Sağ cinahda isə son oyunlarda daha çox gənc futbolçu Müşfiq Teymurov çıxış edir. Yəqin ki, rusiyalı təcrübəli məşqçi növbəti mövsümə limit məsələsini həll etmək üçün bu futbolçuya daha çox şans verir. Şəhriyar Xəlilov isə artıq komandadan göndərilib. Buna görə də komandada müdafiəçilərə ehtiyac var. İstər mərkəz, istərsə də müdafiənin digər mövqelərinə futbolçular alınmalıdı.
Yarımmüdafiə xəttində isə “Qəbələ”də ciddi problemlərin olduğunu qeyd etmək olmaz. Çünki komandanın ən zəngin mövqeyi elə mərkəz xəttidi. Burada yalnız Lorival Assislə Nikola Valentiçin komandadan gedə biləcəyini söyləmək olar. Braziliyalı Syominin heç gözünə girə bilməyibsə, Valentiç meydana çıxdığı oyunlarda ciddi bir şeylə yadda qalmayıb. Yarımmüdafiəçi olmasına baxmayaraq, Valentiç daha çox müdafiə xəttində çıxış edib. Ürfan Abbasov, Tərzin Cahangirov kim gənc futbolçuların komandada qalacağı isə gözləniləndi. Ola bilsin ki, Syomin yarımmüdafiə xəttində yalnız Assisin yerinə başqa futbolçu alsın. Nizami Hacıyevin Polşanın “Poqon” klubun keçidi gündəmdə olsa da, belə dönəmdə onun da komandanın tərk edəcəyi inandırıcı deyil. Həmçinin yarımmüdafiə xəttində digər yelrli futbolçu Amit Quluzadə də komandaya kömək edəcək. Yerli futbolçulardan 34 yaşlı Elmar Baxşıyevin də gedə biləcəyini söyləmək olar. Müdafiə xəttinə futbolçu alındıqdan sonra çox güman ki, Niasse də öz doğma mövqeyinə qayıdacaq və dayaq yarımmüdafiəçisi kimi “Qəbələ”yə yardım edəcək. Leonardo Da Silva, Lorenso Ebesiliyo və Dodonun da komandanın əsas üzvləri olduqları məlumdu.
Hücum xəttində isə Daniel Subotiç, Viktor Mendi, Yannik Kamanan kimi uğurlu futbolçular var. Yalnız Syominin “Kuban”dan böyük ümidlərlə gətirdiyi Abdulvahid Afolabi uğursuz çıxışı ilə diqqət çəkir. Özünə doğma olan forvard mövqeyində bir dəfə də olsun çıxış etməyən nigeriyalı hücumçu daha çox yarımmüdafiədə oynayıb. Syominin hücum xəttində elə də çətinliklə üzləşməyəcəyini indidən söyləmək mümkündü.
ELSEVƏR





