2003/04 mövsümündə "Kəpəz"ə rəhbərlik etmiş Pərviz Yusubovun futbolinfo.az saytına müsahibəsi
– Keçmiş klub rəhbəri kimi "Kəpəz"in hazırkı vəziyyətini necə dəyərləndirirsiz?
– "Kəpəz"in indiki durumu çox acınacaqlıdı. Demək olar ki, futbol Gəncədə yalnız kağız üzərindədi. Maliyyə yardımı zəifdi, indi sadəcə AFFA kluba dəstək verir. Klubda təşkilatçı adam yoxdu ki, gedib sponsorla danışsın. Hər yerdə deyirlər ki, "Kəpəz"ə AFFA baxır. AFFA da 1 il, 2 il baxar, sonra baxmaz. Regionlarda futbolun olması üçün AFFA kiçik yardım edir. Amma peşəkar futbolda belə şeylər olmamalıdı. Mehman Allahverdiyev yaxşı futbolçu olub. Amma müasir futbol keçmiş uğurlara baxmır. Mənim şəxsi fikrim belədi ki, ən yaxşı məşqçini də gətirsələr, həmin adam gəlib burada imicini itirəcək. Azarkeş dəstəyi sıfıra bərabərdi. Azarkeşlərlə heç bir iş görülmür. Halbuki, onlarsız futbol olmaz. Mənim əmim, oğlum "Kəpəz"də oynayıb. 2003-cü ildə mən komandanı götürəndə cəmi bir xal qazanılmışdı. Bir xalı olan klubla 25 xal topladıq. 14-cü yer Gəncə futboluna yaraşmır.
– İsgəndər Cavadov Gəncə futboluna kurator təyin olunanda Mehman Allahverdiyev Cavadovun iş görmədiyini bildirmişdi. Daha sonra Allahverdiyev Gəncə futboluna kurator təyin edildi və klub prezidenti oldu. Allahverdiyev indi işinin öhdəsindən gəlir?
– Hər şey göz qabağındadı. Məşqçi dəyişikliyindən sonra nəticə olmursa, deməli problem rəhbərlikdədi. Mən deyə bilərəm ki, Allahverdiyev işinin öhdəsindən gələ bilmir. Axırıncı yerlərdə gedir. Ümumiyyətlə Gəncə futbolunun hazırkı vəziyyəti məni qane etmir. Biz Bakıya gedib Müşviq müəllimə dedik ki, gəl klubu götür. O isə bizə "Gəncədə başı papaqlı kişi yoxdu ki?" sualını verdi. Mən bu işlərin içindəyəm. Hər şeyi yaxşı bilirəm. Allahverdiyev işinin öhdəsindən gələ bilmir.
– Allahverdiyev bir müddət əvvəl "Kəpəz"ə sponsorun tapıldığını bildirmişdi…
– Mən onun fikirlərinin nədən ibarət olduğunu bilmirəm. Hamı bilir ki, "Kəpəz"in "Azərinşaat" adlı sponsoru var idi. Bunu özləri də bilir. Azarkeşləri göndərdilər ki, AFFA-nın qarşısında etiraz etsinlər. Bunu rəhbərlikdək soruşmaq lazımdı ki, azarkeşləri niyə ora göndərmişdiz? Əgər İsgəndər Cavadov kurator təyin olunmuşdusa, onun işləməsinə imkan verərdilər. Onsuz da bunlara iş verəcəkdi. Məndə olan məlumata görə sponsor imtina etmədi, sadəcə, onlara qarşı təxribat edildi. Deyirlər ki, ancaq yerli mütəxəssis olmalıdı. Yerli mütəxəssis olmayandan sonra neynəmək olar ki? Əvvəlcə o yerli mütəxəssisi yetişdirmək lazımdı.
– Keçmişi olan Gəncə futbolunun bu duruma düşməsinin günahkarı kimdi?
– Kim maliyyə yardımı edirsə, günahkar odu. Pulu verən bilmir ki, pulunu hara xərcləyir? Belə idisə, həvəskar klub yaradardılar, biz də ona baxardıq. Məsuliyyət AFFA-nın boynuna düşür. İnanmıram ki, növbəti ildən federasiya "Kəpəz"ə maliyyə yardımı etsin. Bu pullarla uşaq məktəbi açıb, yaxşı futbolçular yetişdirmək olar. Buna baxmayaraq Gəncə futbolunu ölməyə qoymadığı üçün AFFA-ya təşəkkür edirəm. Deyirlər guya qışdan sonra yaxşı olacaq. Turnir cədvəlinin sonunda qərarlaşan komandaya kimin gələcəyini bilmirəm. Heç bir perspektivli futbolçu bu komandaya gəlməz.
– Futbolçu perspektivdən əlavə pul qazanır. "Kəpəz" lazım olan pulu futbolçulara verə bilir?
– Mən yeni rəhbərlik təyin olunandan bir oyuna getmişəm. Futbolçu ilə müqavilə bağlanılır. Futbolçu qazandığı pulun müəyyən hissəsi ilə vergi ödəyir. Onlara elə pul vermək lazımdı ki, qazanılan pul təkcə vergiyə getməsin. Təbii ki, futbolçu da pul qazanmalıdı. Hazırda bu istiqamətdə gedən işlər demək olar ki, sıfıra bərabərdi.
– "Kəpəz"in 14-cü yerdə olmasının səbəbi nədi?
– Birmənalı olaraq bütün məsuliyyət bir nəfərin üzərinə düşür. Kim ki, deyir mən kuratoram, mən klub prezidentiyəm, günahkar da odu. Məsuliyyət altına girən adam bunları dərk etməlidi. Hər bir insan öz işinin öhdəsindən gəlməlidi. Hələ mövsüm bitməyib. Heç olmasa, bu gündən sonra işlərini dərk edib komandanı bu vəziyyətən çıxarmalıdı. Bunlardan heç biri peşəkar deyil. Hamısı anbardar olanlar, tum, qəzet satanlardı. "Kəpəz"də hazırda heç bir iş görülmür. Oğlum da "Kəpəz"də oynayırdı. Lakin bunların axırı olmadığından onu komandadan çıxardım. Biz futbol adamlarıyıq. Bu vəziyyət bizə xoş təsir etmir.
– Məsələ ilə bağlı Mehman Allahverdiyevlə söhbət etmisiz?
– Bir dəfə də olsun dəvət etməyib. Allahverdiyev vitse-prezident olanda bir dəfə söhbət etmişdik. Mən ona bizim nəqliyyat şirkətinin azarkeş xərclərini qarşılayacağını, avtobus təşkil edəcəyini bildirdim. Komandanın avtobusu yoxdu, bütün təkliflərdən imtina etdilər. Gücümüz çatan yardımı etmək istədik, amma qəbul olunmadı.
– Bəs AFFA-ya necə, hansısa bir müraciət ünvanlanıb?
– Xeyr, AFFA-ya mən müraciət etməmişəm. Amma bildiyimə görə müraciətlər edilir. Hər halda yazılanlar oxunulursa, deməli bu, müraciətdi. Ümumiyyətlə, indi Gəncə futbolu ilə maraqlanan yoxdu.
RÖVŞƏN ƏHLİMANOĞLU





