Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin futbolinfo.az saytına müsahibəsi.
– Öncə "Bakı" ilə oyundan danışaq…
– "Bakı" ilə oyun çətin oldu. Çətin rəqibə qarşı oynayırdıq. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Səhvlərimiz də oldu. Üzərimizdə çalışıb bu səhvləri düzəltməliyik.
– Aparıcı oyunçuların "Bakı" ilə matçda olmaması komandanızın xal itirməsində nə dərəcədə rol oynadı?
– Əsas heyətdə 4 nəfərin olmaması təbii ki, öz sözünü dedi. Reynaldo, Rəşad Sadıqov, Riçard Almeyda və Admir Teli komandanın əsas futbolçularıdı. Onlar oynasaydı, daha güclü, fərqli oyun nümayiş etdirə biləcəkdik.
– Sizin məğlubiyyətinizdən sonra "Neftçi" "Qəbələ"ni məğlub edərək yenidən liderliyə yüksəldi…
– Belə bir vəziyyət çempionatın daha maraqlı keçəcəyindən xəbər verir. Çalışıb maksimum nəticə göstərməliyik ki, aşağı pillələrə düşməyək. Çünki indi elədi ki, biri udub, digəri uduzan kimi turnir cədvəlində komandaların yerləri dəyişir.
– "Neftçi"nin "Qəbələ" üzərində qələbə qazanacağını gözləyirdiz?
– "Neftçi" evində oynayırdı. Buna görə üstünlük də onların tərəfindəydi. Son dəqiqələrə kimi hesab bərabər idi. Biz növbəti oyunlarda hazırlaşıb birinci pilləni yenidən geri qaytarmalıyıq.
– "Neftçi" – "Qəbələ" matçında sanki qonaq komandaya azarkeşlik edirdiz?
– Yox. "Qəbələ"yə azarkeşlik etmirdim. Sadəcə olaraq matçın heç-heçə bitməsi bizə sərf edirdi.
– İkinci dövrəni lider kimi başa vurmaq şanslarınızı necə qiymətləndirirsiz?
– Hər şey son oyunlardan asılıdı. Çalışacağıq qələbə qazanaq. Qış çempionu olmasaq da, xal fərqinin çoxalmasına imkan verməli deyilik.
– Bu gün AFFA 2013-cü il üçün yığmamızın ən yaxşı oyunçularını mükafatlandıracaq. Sizcə, ən yaxşı futbolçu kim olmalıdı?
– Mən Kamran Ağayevin seçilməsinin tərəfdarıyam.
– Kamrandan söz düşmüşkən, son turda o, "Qarabağ" azarkeşlərinə qarşı təhqiramiz ifadə işlətdi…
– Kamran bizim azarkeşlərə və komandamıza hörməti olan bir futbolçudu. Ola bilsin ki, oyun zamanı olan emosionallıqdan irəli gəlib.
EMİN SƏFƏROV





