Azərbaycana gələn legionerlərin özlərinin oynadığı futbol və burada etdikləri daha çox diqqət mərkəzində olsa da, onların ailələrinin də ölkəmizdə necə yaşaması maraqlıdı. “Simurq” klubunun 30 nörməli futbolçusu Raul Kostinin həyat yoldaşı Aleksandra Kostin də futbolinfo.az saytına müsahibəsində ölkəmizdəki durumlarından və Azərbaycan futbolundan danışıb.
– Azərbaycan haqqında nə deyə bilərsiz?
– Mən bura gələndə ölkənizi belə təsəvvür etmirdim. Çox maraqlı bir yerdi. Avropadan tamamilə fərqlənən mədəniyyətiniz var. Azərbaycanda çox şeylər öyrəndim. Gözəl ölkədi. Paytaxt Bakı isə fantastik şəhərdi. Mən Bakını sevirəm
– Azərbaycandan təklif gələndə Raul sizin fikrinizi soruşdu?
– Əlbəttə ki, soruşdu. Mən də düşündüm ki, bizim üçün fərqli şeylər olar. Ona görə də Azərbaycana gəlməyə razılıq verdim. Buradan gedəndən sonra bu ölkə ilə bağlı xatirələrimi heç vaxt unutmayacam.
– Bura gəlməmişdən öncə ölkəmiz haqqında nə bilirdiz?
– Oxumuşdum ki, Azərbaycan odlar yurdudu. Həmçinin Avroviziya mahnı müsabiqəsi Bakıda keçirilmişdi və mən onu televiziyadan izləmişdim. Həmçinin internetdə mədəniyyətiniz, siyasətiniz və Qafqazda yerləşdiyiniz haqqında məlumatlar almışdım. Bir neçə futbol komandanızı da tanıyırdım.
– Qarabağın işğal altında olduğunu bilirdizmi?
– Bunu bilirdim. İnternetdə oxumuşdum ki, Azərbaycan və Ermənistan arasında belə bir problem var.
– Futbolu öncədən sevirdiz, yoxsa Raulla birlikdə sevdiniz?
– Mənim idmana marağım uşaqlıqdan olub. Həmçinin mən özüm həndbol oynayırdım. Sonra Raulla görüşdüm və onun fanatı oldum (gülür). Futbolu da Raulla sevdim.
– Dediniz ki, bura gəlməzdən öncə Azərbaycan komandalarını tanıyırdınız. Hansıları?
– “Xəzər Lənkəran”, “Qəbələ” və “Neftçi”.
– “Xəzər Lənkəran”, “Qəbələ” və “Neftçi”.
– Nə üçün məhz bu komandalar?
– Çünki orada rumıniyalı futbolçular oynayırdı. Adrian Skarlatake və Kristian Pulhak. Biri “Xəzər Lənkəran”da, digəri isə “Qəbələ”də.
– Mirça Rednikin Azərbaycanda işlədiyini bilirdizmi?
– Əlbəttə, bilirdim. O, Rumıniyanın bir çox klublarında işləyib. "ÇFR Kluj" , “Buxarest” və s. O, “Xəzər Lənkəran”a gələndən sonra ölkəmizdə bu klubu Rumıniyada daha çox tanımağa başladılar. Deyə bilərəm ki, Rednikə görə Azərbaycan Rumıniyada tanındı.
– Raul 4 mövsüm “Vasluy”da oynadı. Ruminiya futbolu ilə Azərbaycan futbolunu necə müqayisə etmək olar?
– Hər ölkəni özünə görə dəyərləndirmək lazımdı. Rumıniya və Azərbaycan futbolu fərqlidi. Burada yaxşı komandalar var. Sürprizlər olur. Məsələn, “Neftçi” Avroliqanın qrupuna düşmüşdü, “Qarabağ” bu il pley-offa qədər getdi. Ruminiyali futbolçular Avropada daha çox oynayır. Bu gedişlə yaxın illərdə Azərbaycan futbolunda böyük uğurlar olacaq.
– Həyat yoldaşınızın adı “Simurq”dan əvvəl “Xəzər Lənkəran”la hallanırdı. Bəs bu keçid niyə baş tutmadı?
– Onun səbəbini mən də bilmədim.
– Zaqatalada çox qalmamağınıza nə səbəb oldu?
– Zaqatalada çox qala bilməzdim. Çünki 2 balaca qızım var. Lara və Kaya Rumıniyadaydı. Onların yanında olmalıyam. Yalnız oğlumuz Lukas Zaqatalada olub.
– Sizcə, Raul “Simurq”da özünü tam göstərə bilirmi?
– Təbii ki, o, çox yaxşı futbolçudu. O, meydana çıxarkən komandası üçün canını qoyur. Əlindən gələn hər bir şeyi edir. Getdikcə daha da yaxşı olacaq. Siz elə düşünmürsüz?
– Razıyam. Azərbaycan mətbəxini xoşlayırsız?
– Əlbəttə. Rumıniya mətbəxi ilə oxşarlıq var. Amma bir fərq var: sizin mətbəxdə keşnişdən daha çox istifadə edirlər. Bizdə isə bunu xoşlamırlar. Bir çox qidalar isə eynidi və bu mənim xoşuma gəlir. Mən daha çox qırmızı kələm supunu xoşladım. Mürəbbələr olduqca çox xoşuma gəlir. Çayınıza isə söz ola bilməz. Qara çay var. Çox dadlıdı.
– Azərbaycan yeməklərindən hazırlaya bilirsiz?
– Ancaq kələm şorbasını hazırlaya bilirəm.
– Zaqatala və Bakıdan başqa hansı regionlarımızda olmusuz?
– Gəncə və Qaxda. Çox gözəl yerlərdi. Xüsusən Qax. Orda istirahət etmək üçün mükəmməl şərait var.
– Sizin fikrinizcə, “Simurq” avrokuboklarda oynaya biləcək?
– Bunun üçün komandanın şansları var. Nə üçün olmasın? Əgər onlar yaxşı oynamağa davam etsələr, daha yaxşı yerlərə gələcəklər. Ümid edirəm ki, bu, baş verəcək.
– “Simurq”dan başqa Azərbaycanda daha hansı komandaları xoşlayırsız?
– Təkcə “Simurq”u. Çünki Raul orada oynayır.
– Təkcə “Simurq”u. Çünki Raul orada oynayır.
ELSEVƏR





